EKSTRÁKSİYA (lat. extractio – cәkmәk, çıxarmaq) – kimya texnologiyasında kütlә mübadilәsi proseslәrindәn biri; mәsamәli bәrk cisimdәn bir vә ya bir neçә komponentin seçici hәlledici (ekstragent) vasitәsilә maye fazaya keçirilmәsi.
E.-nın әsas mәrhәlәlәri aşağıdakılardan ibarәtdir: xammalın vә ekstragentin hazırlanması (xammalın tәmizlәnmәsi vә xırdalanması, hәlledicinin qızdırılması); ekstraktor aparatında bәrk vә maye fazaların birbaşa tәması (kontaktı); bәrk faza – hәlledici sisteminin ayrılması (durulma, süzülmә, sentrifuqalama). Sәnaye ekstragentlәri yüksәk seçiciliyә malik, regenerasiyası asan vә nisbәtәn ucuz olmalıdır (mәs., su, etanol, benzin, benzol, CC14, aseton, turşu, qәlәvi vә duzların mәhlulları). E.-nın kinetikası kütlә mübadilәsi, konveksiya vә molekulyar diffuziya, hәmçinin bәrk fazadan çıxarılan maddәnin maye fazaya daşınması qanunlarına tabedir. Mәqsәdli komponentin daşınmasının hәrәkәtverici qüvvәsi onun fazalardakı kimyәvi potensiallarının arasındakı fәrq ilә müәyyәn olunur. Praktikada prosesin sürәti ilә bәrk material axınının tәrkibi arasındakı әlaqәni sadәlәşdirmәk üçün E.-nın hәrәkәtverici qüvvәsi zamana görә dәyişәnlә, yәni fazalarda çıxarılan maddәnin qatılıqlarının qradiyenti ilә ifadә olunur.
E.-nın effektivliyinә hissәciklәrin lazımi forma, ölçü vә dispers tәrkibini tәmin edәn xammalın hazırlanma üsulu (xırda-lama, yaxud dәnәvәrlәmә), hәmçinin bәrk materialın diffuziya vә mexaniki xassәlәrini yaxşılaşdıran rütubәtlәnmә, termokimyәvi vә digәr növ işlәnmәlәr tәsir edir. E. ekstraktorlarda hәyata keçirilir. Bәrk faza vә ekstragentin qarşılıqlı hәrәkәt istiqamәtlәrindәn asılı olaraq ekstraktorlar düz, әks vә qarışıq, iş rejiminә görә isә fasilәli, yarımfasilәli vә fasilәsiz aparatlara ayrılır.
Mayedәn ekstraksiya olunan mәhlulun bir vә ya bir neçә komponentinin bir maye fazadan onunla tәmasda olan vә ona qarışmayan, tәrkibindә seçici hәlledici (ekstragent) saxlayan digәr maye fazaya keçirilmәsi kimya texnologiyasının kütlә mübadilәsi proseslәrindәn biridir. Çıxaran faza yalnız ekstragentdәn (vә ya ekstragentlәr qarışığından), yaxud ekstragentlәrin fiziki (özlülük, sıxlıq) vә ekstraksiya xassәlәrini yaxşılaşdıran bir vә bir neçә ekstragentin durulaşdırıcıda mәhlulundan ibarәtdir. Durulaşdırıcı kimi hәlledicilәr (kerosin, benzol, xloroform vә s.) vә ya onların qarışıqlarından istifadә edilir. Bunlar mәqsәdli komponent olan fazada, demәk olar ki, hәll olmur vә çıxarılan komponentlәrә qarşı inertdir.
Mayedәn E.-nın әsas mәrhәlәlәri: fazaların tәmasının hәyata keçirilmәsi vә disperslәşdirilmәsi; fazaların ekstrakta (çıxaran fazaya) vә rafinata (çıxarılan fazaya) ayrılması vә ya tәbәqәlәşmәsi; mәqsәdli komponentlәrin ekstraktdan ayrılması vә ekstragentin regenerasiyası; ekstraktın yuyulması.
Sәnaye ekstragentlәrinә olan әsas tәlәblәr: yüksәk seçicilik; mәqsәdli komponentlәrә görә yüksәk ekstraksiya hәcmi; rafinatda az hәllolma; durulaşdırıcılarla uyğunluq; asan regenerasiya; yüksәk kimyәvi vә bәzәn dә radiasiyaya qarşı davamlılıq; yanmamaq vә ya kifayәt qәdәr yüksәk (60°C-dәn yuxarı) alışma temperaturu; yüksәk olmayan uçuculuq vә zәif zәhәrlilik; asan tapılan vә ucuz qiymәt.
Mayedәn E. ekstraktorlarda hәyata keçirilir. Sәnayedә әn çox çoxpillәli әks-axınlı ekstraksiya yayılmışdır.
E. filizlәrdәn nadir metalların, uran, kükürd vә s. birlәşmәlәrinin çıxarılmasında; bitki mәnşәli xammallardan üzvi birlәşmәlәrin ayrılmasında, elәcә dә şәkәr, bitki vә efir yagları, hәllolan qәhvә, çay vә s. istehsalında istifadә olunur.
Üzvi birlәşmәlәrin E.-sı әsas üzvi sintezdә, neft, koks, ağac kimyasında vә digәr sәnaye sahәlәrindә geniş tәtbiq edilir (mәs., katalitik riforminq mәhsullarından aromatik karbohidrogenlәrin çıxarılması; daş kömür qatranı fraksiyalarından fenolların ayrılması; sürtkü yağlarının tәmizlәnmәsi vә s.).
E. kimya-әczaçılıq, mikrobiologiya vә yeyinti sәnayesindә, analitik vә radiokimyada tәtbiq edilir.