EKSTRAPİRAMİDA SİSTEMİ (ekstra...+ yun. πϋραμίς – piramida), f i z i o l o g i y a d a – beyin strukturunun mәcmusu; böyük beyin yarımkürәlәrindә vә beyin kötüyündә yerlәşir vә kortikospinal, yaxud piramida sistemindәn keçәrәk hәrәkәtlәrin mәrkәzi idarәolunmasında iştirak edir. E.s. hәrәki nәzarәtin piramida sisteminә nisbәtәn tәkamülcә әn qәdim sistemdir. E.s.-nә bazal qanqlilәr, qırmızı vә interstisial nüvәlәr, tektum, qara maddә (bax Orta beyin), körpü vә uzunsov beynin retikulyar formasiyası, vestibulyar kompleksin nüvәlәri vә beyincik aiddir. E.s.-nin bәzi törәmәlәrinin spinal hәrәki mәrkәzlәrә bilavasitә çıxışı yoxdur, digәrlәri onurğa beyninin seqmentar sәviyyәsi ilә aparıcı yollarla bağlı olur vә beyindәn motoneyronlara istiqamәtlәnәn impulsasiyanın keçirilmәsindә mәcburi stansiya vәzifәsini ifa edir. E.s.-nin liflәri ilә yayılan impulslar motoneyronlara istәr monosinaptik әlaqәlәrlә birbaşa, istәrsә dә onurğa beyninin müxtәlif interpolyasiya olunmuş neyronlarındakı dәyişmәlәr vasitәsilә çata bilәr. E.s. hәrәkәtlәrin koordinasiyası, lokomosiya (yerdәyişmә), poza vә әzәlә tonusunu saxlamaqda mühüm rol oynayır; o, xüsusilә gövdә vә әtrafların proksimal şöbәlәri әzәlәlәrinin kontrolu ilә sıx әlaqәdardır. E.s. emosional ifadәlәrdә (gülüş, ağlama) iştirak edir. E.s.-nin zәdәlәnmәsi zamanı hәrәki funksiyalar pozulur (mәs., hiperkinez, parkinsonizm baş verә bilir), әzәlә tonusu aşağı düşür.