ƏFƏNDİYEV Sultanmәcid Mәcid oğlu (26.5.1887, Şamaxı – 21.4.1938) – Azәrb.-ın sovetlәşmәsindә fәal iştirak etmiş partiya vә dövlәt xadimi. 1903 ildәn fәhlә hәrәkatına, marksist dәrnәklәrә qoşulmuş, 1904 ildә RSDF(b)P-yә daxil olmuşdur. “Hümmәt” bolşevik tәşkilatının banilәrindәndir. 1904–07 illәrdә Bakıda bolşevik qәzetlәrinin (“Hümmәt”, “Dәvәt-Qoç”, “Tәkamül”, “Yoldaş”, “Prizıv”, “Qudok”) nәşrindә iştirak etmiş, mәtbuatda “Yoldaş”, “Müftizadә”, “Fәhlә”, “Əfәndizadә”, “Mәhbus”, “Sәma” vә s. imzalarla onun yazıları dәrc olunmuşdur.
İnqilabi fәaliyyәtinә görә 1907 ildә hәbs olunaraq Kazan qub.-na sürgünә göndәrilmişdir. Kazan un-tinin tibb fakültәsini bitirdikdәn (1915) sonra Nijni-Novqorod vә Hәştәrxan quberniyalarında hәkimlik etmişdir. Fevral inqilabından (1917) sonra Bakıya qayıdaraq, Bakı Fәhlә Deputatları Sovetinin, 1917–18 illәrdә RSDF(b)P BK bürosunun vә “Hümmәt” partiyası MK-nın, “Hümmәt” qәzeti redaksiya heyәtinin üzvü kimi fәaliyyәt göstәrmişdir. Oktyabr çevrilişindәn (1917) sonra hakimiyyәti әlә alan Bakı Soveti İcraiyyә Komitәsinin tәrkibinә daxil olan Ə. AXC dövründә siyasi fәaliyyәtini Hәştәrxanda davam etdirmiş, 1919 ilin mayında Azәrb.-da vә Qafqazda vәziyyәt haqqında mәlumat vermәk üçün Moskvaya, RK(b)P MK-ya ezam olunmuş, RSFSR Xalq Milli İşlәr Komissarlığında çalışmışdır. Şәrq xalqları kommunist tәşkilatlarının Moskvada keçirilәn birinci (1918, noyabr) vә ikinci (1919, noyabr– dekabr) Ümumrusiya qurultaylarının hazırlanması vә keçirilmәsinә kömәk göstәrmişdir. Aprel işğalından (1920) sonra Azәrb.-a qayıtmış, bolşevik müdaxilәsinә qarşı çıxan Gәncә üsyanının yatırılmasında iştirak etmişdir. 1920 ilin iyunundan AK(b)P MK-nın Gәncә qub.-nda fövqәladә müvәkkili vә qub. fövqәladә komissarı olmuşdur. Birinci Ümumazәrbaycan Sovetlәr qurultayında (1921, may) Azәrb. Xalq Komissarları Sovetinin tәrkibinә seçilmiş vә xalq torpaq komissarı tәyin edilmişdi. ZSFSR vә SSRİ-nin tәşkilindә fәal çalışmış, 1922–37 illәrdә müx-tәlif mәsul partiya vә dövlәt vәzifәlәri tutmuş, 1938 ildә repressiya olunmuşdur.