ƏFQANISTAN MÜNAQİŞƏSİ (1979–89) – Əfqanıstan Xalq Demokratik Partiyasına (ƏXDP) silahlı yardım göstәrmәk vә ölkәdaxili sabitliyi bәrpa etmәk adı altında sovet qoşunlarının mәhdud kontingentinin (SQMK) Əfqanıstana yeridilmәsi ilә başlamışdır (1979, 24 dekabr). 1970-ci illәrin sonlarında Əfqanıstan SSRİ vә ABŞ- ın, hәmçinin qonşu dövlәtlәrin kәskin geosiyasi rәqabәt meydanına çevrilmişdi. 1978 il dekabrın 5-dә SSRİ Əfqanıstanla “Dostluq, mehriban qonşuluq vә әmәkdaşlıq haqqında” müqavilә imzaladı. Əfqanıstan Demokratik Resp.-nda (ƏDR) sovet hәrbi müşavirlәri (1979 ildә baş nazir N.M.Tәrakinin xahişi ilә onların sayı 100 nәfәrdәn 400 nәfәrә çatdırılmışdı), ƏXDP- dә sovet müşavirlәri, hәmçinin nazirlik vә idarәlәrdә sovet mütәxәssislәri yerlәşdirildi. 1978–79 illәrdә ƏXDP-nin әfqanların әnәnәvi tәsәrrüfat hәyatını sarsıdan bir sıra radikal sosial-iqtisadi islahatları әhalinin narazılığına sәbәb oldu. Ölkәdә Pakistan vә İranın müdafiә etdiyi qüvvәlәr mübarizә gedirdi. Fraksiyalararası mübarizә Tәrakinin öldürülmәsi (1979, oktyabr) ilә nәticәlәndi. 1979 ilin martında hökumәt başçısı tәyin olunan, repressiyalar vә kütlәvi “tәmizlәmәlәr” hәyata keçirәn H.Əmin sovet qoşunlarını ölkәsinә çağırmaqla mәsuliyyәti onların üzәrinә qoymağa çalışdı (sovet xüsusi xidmәt bürosunun verdiyi mәlumata әsasәn). Nәticәdә sovet hökumәti H.Əminә olan inamını itirdi.
1979 il dekabrın 25-dә SSRİ hökumәti “Xarici silahlı tәcavüzün qarşısını almaq mәqsәdilә әfqan xalqına yardım göstәrmәk” adı altında Əfqanıstana 75 minlik qoşun yeridilmәsi haqqında qәrar qәbul etdi. Sәfәrbәrlik üçün SSRİ Müdafiә Nazirliyinin Operativ qrupu tәşkil olundu. 40- cı sovet ordusunun sәhra idarәçiliyi yaradıldı. Ehtiyatda olanlardan 50 min nәfәrdәn çoxu (әsasәn Orta Asiyanın yerli әhalisi) sәfәrbәr olundu, xalq tәsәrrüfatından orduya 8 min avtomobil göndәrildi. 1979 il dekabrın 27-dә Kabildә prezident sarayını tutan sovet xüsusi tәyinatlı dәstәsi H.Əmini öldürәrәk B.Karmәli hakimiyyәtә gәtirdi. O, dövlәt başçısı vә ƏXDP-nin baş katibi tәyin edildi. Əfqanıstan xarici hәrbi müdaxilә vә vәtәndaş müharibәsi dövrünә qәdәm qoydu. SSRİ-nin müdaxilәsi nәticәsindә Pakistanda әfqan mühacirlәrinin 100-ә yaxın düşәrgәsi salındı. 1980 ilin yanvarında 40-cı sovet ordusunun әsas qüvvәlәrinin Əfqanıstana yeridilmәsi başa çatdı. 1981 ildә Əfqanıstanda sovet qoşunlarının sayı 80 min nәfәr idi. Sovet qoşunları әsas avtomobil magistrallarını, sovet mütәxәssislәrinin işlәdiyi obyektlәri, aerodromları vә s. nәzarәtdә saxlayır, Əfqanıstan silahlı qüvvәlәri üçün kadr hazırlığı kursları tәşkil edirdi. Sovet qoşunlarının Əfqanıstana yeridilmәsindәn sonra silahlanmış müxalifәt – mücahidlәr partizan müharibәsinә keçdilәr. 1980 ilin fevralında Kabildә hökumәtә qarşı kütlәvi çıxışlar baş verdi.
Dünya ictimaiyyәti SSRİ qoşunlarının tezliklә Əfqanıstandan çıxarılmasını tәlәb edirdi. Moskvada keçirilәn Yay Olimpiya oyunları (1980) boykot olundu, ABŞ SSRİ- yә taxıl satışına qadağa qoydu. Strateji silahların mәhdudlaşdırılması haqqında SSRİ-ABŞ sazişinin Senatda ratifikasiyası dayandırıldı. 1980-ci illәrin birinci yarısında B.Karmәl hökumәtinin Əfqanıstanda “sovet nümunәsi әsasında sosializm” qurmaq cәhdlәri uğursuzluqla nәticәlәndi. SSRİ hökumәti ilә birlikdә işlәnib hazırlanmış vә SSRİ müdafiә naziri tәrәfindәn tәsdiq olunmuş qәrara әsasәn mücahidlәrә qarşı әmәliyyatlar başladı. Ən böyük hәrbi әmәliyyatlardan biri Pәncşir mağarasında yerlәşәn “Əfqanıstan İslam Cәmiyyәti”nә qarşı (1982) keçirildi. Lakin sovet qoşunlarının aramsız hәrbi әmәliyyatları (1979– 89 illәrdә 400-dәn çox) heç bir nәticә vermәdi: mücahidlәr tәslim olmadı.
M.Nәcibulla ƏXDP-nin baş katibi vәzifәsinә keçdikdәn (1986, may) sonra “milli barışıq” yönümlü siyasәt kursu qәbul olundu, lakin mücahidlәrin rәhbәrlәri “qәlәbәyәdәk müharibә” aparacaqlarını bәyan etdilәr. Digәr tәrәfdәn islahatlar Əfqanıstanı böhrandan çıxara bilmәdi. Mücahidlәrin silahlı potensialının güclәnmәsi (ABŞ, İngiltәrә, AFR vә Yaponiyanın yardımı ilә), SSRİ-dә baş verәn “yenidәnqurma” vә Qәrb dövlәtlәrinin tәzyiqi sovet vә әfqan rәhbәrliyini müxalifәtlә danışıqlara getmәyә vadar etdi. Danışıqlar Əfqanıstan vә Pakistanın xarici işlәr nazirlәri arasında aparıldı. 1988 il aprelin 14-dә imzalanmış Əfqanıstana dair Cenevrә sazişlәrinә әsasәn qaçqınlar geri qayıtmalı, Əfqanıstana xarici müdaxilәyә son qoyulmalı, Pakistan onun daxili işlәrinә qarışmamalı idi. SSRİ 1988 il mayın 15-dә Əfqanıstandan öz qoşunlarını çıxarmağa başladı, 1989 il fevralın 15-dә bu proses başa çatdı.
Müxtәlif statistik mәlumatlara görә, 10 illik hәrbi әmәliyyatlar dövründә Əfqanıstanda 2–2,5 mln. mülki sakin hәlak olmuşdur. Sovet ordusu Əfqanıstanda 14427 hәrbçisini itirmişdir. Ə.m.-ndә 7500 azәrb. iştirak etmişdir. Onlardan 208 nәfәri hәlak olmuş, 7 nәfәri isә itkin düşmüşdür. Ə.m. iştirakçılarından 17 nәfәri Qarabağ uğrunda gedәn döyüşlәrdә Azәrbaycanın Milli Qәhrәmanı adına layiq görülmüşdür.