ƏFQANİ Cәmalәddin, Seyyid Mә hәm mәd ibn Sәfdәr Cәmalәd din әl-Əfqani (1838/39, Hәmәdan yaxınlığındakı Əsәdabad k. – 9.3.1897, İstanbul) – Azәrb. filosofu, ictimai- siyasi xadim. İranda mәdrәsәdә oxumuş, sonra tәhsilini davam etdirmәk üçün Hindistana getmişdir. 1857 ildәn әfqan әmiri Dost Mәhәmmәd xanın sarayında siyasi fәaliyyәtә başlamış, daha sonra әmir Mәhәmmәd Əzәmin vәziri olmuşdur. “İslam birliyi” (“İttihadi-islam”) dini-siyasi mübarizә cәbhәsinin banisi olan Ə. fәaliyyәtinin ilk dövrlәrindәn müsәlman xalqlarının milli-ictimai oyanışı vә müstәqilliyi ilә bağlı ideyalarına, ingilis hakimiyyәtinә qarşı antiimperialist çıxışlarına görә tәzyiqlәrә mәruz qalmış, müxtәlif ölkәlәrdә (Hindistan, Türkiyә, Misir, Fransa, Rusiya, İran vә İngiltәrә) yaşamağa mәcbur olmuşdur. Hәmin ölkәlәrdә mövqeyindәn vә müxtәlif situasiyalardan istifadә edәrәk, müsәlmanların hüquqları problemini qabartmağa, müstәmlәkәçiliyә qarşı tәşviqat vә tәbliğat aparmağa çalışmışdır.
İngiltәrә vә digәr müstәmlәkәçi dövlәtlәrin ekspansiyasına qarşı müqavimәtin yalnız müsәlman dövlәtlәrinin siyasi vә ideoloji birliyi sayәsindә mümkünlüyünü bәyan edәn Ə. bunu islamın ictimai hәyatın müasir tәlәblәrinә uyğunlaşdırılmasında, dünyәvi tәhsil, elm vә milli sәnayenin inkişafında görürdü. Ə. 1871–79 illәrdә Misirin ictimai-siyasi hәyatında fәal iştirak etmiş, әtrafına topladığı vәtәnpәrvәr qüvvәlәri ölkәnin xarici monopoliyalardan asılılığına qarşı mübarizәyә sәslәmişdir. O, 1878 ildә “Milli loja”, 1879 ildә İsgәndәriyyәdә “Gәnc misirlilәr cәmiyyәti”ni yaratmışdı. 1879 ildә Misirdәn çıxarılan Ə. 1883–84 illәrdә Parisdә vaxtilә özünün yaratdığı “Əl-Urvәtül-vusqa” cәmiyyәtinin әrәb dilindә çıxan eyniadlı qәzetinә (cәmi 18 nömrә) rәhbәrlik etmişdir. “Journal des debats”da (Paris), Londonda nәşr edilәn bir sıra qәzetdә, yaradılmasında özünün dә iştirak etdiyi “Ziya ül-xafiqeyn” jurnalında siyasi mәqalәlәri dәrc olunmuşdur. 1892 ildә Osmanlı sultanı II Əbdülhәmidin dәvәti ilә İstanbula getmiş vә ömrünün sonuna qәdәr orada yaşamışdır.
Ə.-nin dini-fәlsәfi vә ictimai-siyasi baxışları onun “Hәqiqәti-mәzhәbi-neyçәri vә bәyani-hali-neyçәriyan” (Mәhәmmәd Əbdüh tәrәfindәn әrәb dilinә “Ər-rәdd әlәd-dәhriyyin” adı ilә tәrcümә olunmuşdur) әn әhәmiyyәtli әsәrindә әksini tapmışdır. Ə. materialist düşüncә tәrzini rәdd etmişdir. Ə.-yә görә, materialistlәr bütün zamanlarda bәşәriyyәtә ziyan gәtirmiş, insanların ruhunu, mәnәviyyatını yoxsullaşdırmışlar. İnsan, demәli hәm dә cәmiyyәt üçün din daha faydalıdır. Sәmavi dinlәr insan ruhuna bütün mәdәniyyәtlәrin әsasını tәşkil edәn vicdanlılıq vә doğruluq kimi ali hisslәr aşılayır. Yalnız etiqadlı insanlar yüksәk әxlaqa sahib olurlar.
İnsan haqlarının qorunması vә әdalәtin bәrqәrar olmasının dörd yolunu göstәrәn Ə. onları ayrı-ayrılıqda tәhlil edәrәk, әn düzgün yolun dini inancdan keçmәsi qәnaәtinә gәlir. Belә ki, hәr kәs öz hüququnu özü qoruduğu halda anarxiya meydana gәlir. İkinci yol insanın öz lәyaqәt vә şәrәfini qorumaq istәyidir ki, bu halda da eqoizm vә mәnfәәtpәrәstlik mәnfi nәticәlәri mümkün edir. Dövlәt tәnzimlәnmәsi ilә açıqaşkar haqsızlıqların vә tәcavüzlәrin qarşısı alına bilsә dә, gözdәn qaçan mәqamlar istisna olunmur. Bundan әlavә, dövlәtin gücünü әllәrindә saxlayanların etibarlılığı vә obyektivliyi şübhә doğura bilir. Demәli, cәmiyyәtdә balansın qorunmasını tәmin edәn yeganә qüvvә hәr bir kәsin fәrdi şәkildә ilahi qanunlara istisnasız tabe olmasıdır. Ə. insanların yüksәk elmi, әxlaqi vә mәdәni sәviyyәyә çatmalarının 4 şәrtini müәyyәnlәşdirir: 1) insan ağlının düzgün düşünmәyә vә hәqiqәti aşkarlamağa mane olan xurafatlardan tәmizlәnmәsi; 2) hәr bir fәrdin inkişaf etmiş fәrdlәrdәn heç dә az qabiliyyәtli olmadığına vә kamillәşә bilәcәyinә inanması; 3) bilik vә inancın tәqlidә deyil, sağlam vә yoxlanılmış dәlillәrә әsaslanması; 4) hәr bir cәmiyyәtdә tәhsil, tәlim vә tәrbiyә ilә mәşğul olan xüsusi insanların vә qurumların olması. Əvvәllәr bu şәrtlәr әsasında intişar tapmış islam mәdәniyyәti inanc sisteminin tәmәl prinsiplәrindәn olan qәza vә qәdәrin yanlış anlaşıldığı zaman inkişafdan qalmışdır.
Ə. hesab edirdi ki, Qәrb dünyasının inkişafını şәrtlәndirәn amillәr onun güc vә hakimiyyәt sirlәrini mәnimsәmәsi vә bunlardan düzgün bәhrәlәnmәsidir. Ə. müsәlman millәtlәri üçün qurtuluş vә inkişaf yolunu axtararkәn dinin rolunu araşdırmış, islamın ilk әsrlәrdәki yüksәk inkişaf sәviyyәsini nümunә gәtirәrәk, doğru anlaşılan vә yaşanan dinin inkişafa heç bir mәnfi tәsir göstәrmәdiyini müәyyәn etmiş, islam coğrafiyasını bürüyәn geriliyin hәqiqi sәbәblәrini aşkarlamağa çalışmışdır. Ə. bu sәbәblәr arasında müsәlmanları idarә edәn xәlifәlәrin elm vә ictihaddan uzaqlaşaraq, dini mәrasimçiliyә üstünlük vermәlәrini; din vә milliyyәtin cәmiyyәtin iki mühüm tәmәli olduğu halda, hәr ikisinin zәiflәmәsini, Mәhәmmәd peyğәmbәrә aid edilәn uydurma hәdislәrin dini kitablara yerlәşdirilmәsini vә nәticәdә müsәlmanların tәmiz inanclarının müxtәlif xurafatlarla pozulmasını; tәhsilin, tәlim-tәrbiyәnin bu mәnfi tәsirlәri aradan qaldırmaq gücündә olmamasını; Şәrqdәn monqol, Qәrbdәn xaç yürüşlәrinin gәtirdiyi dağıntıları; elm vә әmәl baxımından islamdan uzaqlaşan müsәlman cәmiyyәtlәrindә qardaşlıq, hәmrәylik, yardımlaşma duyğularının zәiflәmәsini vә s. göstәrirdi. Problemin kökünü müsәlmanların zehniyyәtindә axtaran Ə. müsәlmanların dünyaya nümunә vә hakim olduğu zamanlara, yәni saf islama qayıtmağa tәkid edirdi. Bu qayıdış qadın vә ailәdәn başlamalı, geniş elm vә tәhsil ocaqları şәbәkәlәrinin, fәdakar şәxslәrin vә әlbәttә ki, dövlәt tәsisatlarının fәaliyyәtlәri ilә hәyata keçirilmәlidir.
Ə.-nin islahat proqramında islam birliyi konsepsiyası (ittihad-i islam) mühüm yer tutur. O, ilk dәfә bu konsepsiyanı nәzәri cәhәtdәn sistemlәşdirmiş vә dinisiyasi fәaliyyәtinin mәrkәzinә çәkmişdir. Ə.-yә görә, ümmәt anlayışının әsasını tәşkil edәn islam dini müsәlman millәtlәri üçün әn mühüm birlәşdirici amildir. Faydalı vә zәruri olan milliyyәt amili dini münasibәtlәrin önünә keçdiyi halda, xalqların milli zәmindә birliyini yaratmaq üçün belә kifayәt etmir. Odur ki, tәmәl ideologiya kimi, yalnız dini bünövrә әsasında xalqların milli xüsusiyyәtlәrini, onların oyanışını tәşviq etmәk mәqsәdәuyğundur. Müsәlmanlar islam dininә sadiq qalmaqla ümumi hәmrәyliyi tәmin etmәli, lakin digәr inanc sahiblәrinә dә hörmәtlә yanaşmalıdırlar.
Ə.-nin hәmçinin Əfqanıstanın tarixindәn bәhs edәn “Tәtimmәtül-bәyan” әsәri var.
Ə.-nin ideyaları 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә meydana gәlәn partiyaların, islam dünyasında baş verәn inqilabi hәrәkatların, xüsusilә 1905–11 illәr İran inqilabının şüarlarında әksini tapmış, Azәrb., Türkiyә, Hindistan, әrәb ölkәlәrindә milli hәrәkatların ideoloji әsasını tәşkil etmişdir. Ə.-nin görüşlәri böyük Azәrb. ziyalıları Əhmәd bәy Ağayev, Əli bәy Hüseynzadә, M.Ə.Rәsulzadә vә b. üçün ideya mәnbәyi olmuş, N.Vәzirovun, C.Hacıbәylinin, Ə.Müznibin yaradıcılığına güclü tәsir göstәrmişdir. Onun fikirlәrinә maraq İkinci dünya müharibәsindәn sonra müstәmlәkә sisteminin dağılması vә siyasi hadisәlәrdә islamın rolunun artması ilә yenidәn vüsәt almışdır.
Əhmәd bәy Ağayev Ə.-ni yaxından tanımış, hәmin dövrdә İstanbulda tәşkil olunmuş bir sıra tәdbirlәrdә onunla birgә iştirak etmişdir. Ə.-nin ona valideynlәrinin әslәn Marağa ş.-ndәn olduğu, özünün isә Hәmәdan yaxınlığında dünyaya gәldiyi, körpә ikәn ailәsinin Əfqanıstana köçmәsi haqqında söylәdiklәri sonradan tәdqiqatçılara Ə.-nin әslәn Azәrb. türkü olduğunu söylәmәyә әsas vermişdir.
Əd.: Göyalp Z. Türkçülüyün әsasları. B., 1991; Qurbanov Ş. Cәmalәddin Əfqani vә türk dünyası. B., 1997; Cәfәrov N. Azәrbaycanşünaslığa giriş. B., 2002; Vәliyeva S. Milli dövlәtçilik hәrәkatının yüksәlişi vә xalq cümhuriyyәti dövründә azәrbaycançılıq ideyaları. B., 2003.