ƏFLƏQ Mişel (1910, Dәmәşq – 23.6. 1989, Paris) – Suriya ictimai-siyasi xadimi, әrәb milli hәrәkatının nәzәriyyәçisi vә tәşkilatçısı. Sorbonnada tәhsil almışdır (1929– 34). Ərәb xalqlarının yadelli әsarәtindәn azad olması vә onların “vahid sosialist millәt”dә birlәşmәsi uğrunda çıxış etmişdir. Panәrәbizm vә sosializm ideyalarını birlәşdirәn konsepsiya hazırlamışdır. Ə. “әrәbizm”i dini, dövlәti vә sosial dәyәrlәrdәn üstün tuturdu. Mәhәmmәd peyğәmbәri әrәb birliyinin әsl banisi hesab edirdi. Bir çox әrәb siyasәtçilәrinә güclü tәsir göstәrәn Ə. 1943 ildә “Ərәb dirçәlişi” tәşkilatını [1947 ilin aprelindәn Ərәb Sosialist Dirçәliş Partiyası (ƏSDP)] tәsis etmişdir. Suriya vә Misirin Birlәşmiş Ərәb Respublikasında (BƏR; 1958–61) birlәşmәsindә böyük rol oynamışdır. C.Ə.Nasirlә fikir ayrılığı sәbәbindәn Suriyada siyasi fәaliyyәtdәn uzaqlaşmış, 1966 ildә Livana, 1968 ildә İraqda ƏSDP hakimiyyәtә keçdikdәn sonra Bağdada köçmüş, partiyanın ideoloji konsepsiyasını hazırlamışdır. Bağdadda dәfn edilmişdir.