ƏFRASİYAB – qәdim Sәmәrqәndin (Özbәkistan) şәhәr yeri (e.ә. 7 әsr – eramızın 13 әsrinin әvvәllәri). Şәhәrә yerli әhali tәrәfindәn әfsanәvi qәhrәman Əfrasiyabın adı verilmişdir. 1874 ildәn V.V.Krestovski, N.İ.Veselovski, V.L.Vyatkin, V.V.Bartold, M.E.Masson, V.A.Şişkin, A.İ.Terenojkin, Q.V.Şişkina vә b. tәrәfindәn tәdqiq olunmuşdur. Əsas qazıntılar (1958–66; 1977–85) V.A.Şişkin, 1989 ildәn isә Fransa-Özbәkistan ekspedisiyası tәrәfindәn aparılmışdır. Ə. әhәmәnilәrәqәdәrki, yaxud erkәn Əhәmәni dövründә (e.ә. 7–6 әsrlәr) möhkәm istehkamlar sistemi olan iri şәhәr kimi salınmışdır. Əvvәllәr Soğd ölkәsinin mәrkәzi, sonra isә Əhәmәni satraplığının mәrkәzlәrindәn biri olmuşdur. E.ә. 3–2 әsrlәrdә Soqdiananın әn iri ellinist şәhәri idi. Antik mәnbәlәrdә (Siciliyalı Diodor, Kvint Kursi Ruf) qeyd olunan Marakanda ilә eynilәşdirilir. E.ә. 1 әsr – eramızın 1 әsrindә Ə. әhali tәrәfindәn tәrk olunmuşdu; 5 әsrdә şәhәrin sahәsi әvvәlki sahәsinin 1/3-i qәdәr idi. 5 әsrin sonu – 6 әsrin әvvәllәrindә Ə.-ın yeni çiçәklәnmә dövrü başlamışdı. Tәqr. 7 әsrdә şәhәr divarları, daxildә ikinci vә üçüncü divarlar hörülmәklә, yenidәn qurulmuşdu. Şәhәrin boş әrazilәrindә ossuarilәri olan nekropollar salınmışdı. Ərәblәrin Ə.-ı tutmasından sonra (712) yerli әhali şәhәrin möhkәmlәndirilmiş hissәsindәn köçürülmüş, onların yerindә әrәblәr mәskunlaşmışdılar. Ə.-ın şm. hissәsindә Cümә mәscidi tikilmişdi. 10 әsrdә Ə. köhnә şәhәrdәn, şәhristandan vә şәhәrdәn c.-da yerlәşәn ticarәt-sәnәtkarlıq rabadından ibarәt idi. 1220 ildә monqol istilasından vә şәhәrin su tәchizatı sistemi dağıdıldıqdan sonra әhali şәhәri tәrk etmişdi. Qazıntılar nәticәsindә divar rәsmlәri (7 әsr vә 11 әsr), gips üzәrindә oymaları (9–10 әsrlәr) olan monumental tikililәrin, rәngli divar rәsmlәri ilә bәzәdilmiş salonları olan sarayın (8 әsr), mәscidin (9–13 әsrlәr), mәdrәsәnin (11 әsr) vә s. qalıqları, bişmiş kәrpic vә daşla döşәnmiş küçәlәr aşkar edilmişdir. Ağac lövhә üzәrindә 5 sәtirdәn ibarәt Soğd yazısı xәtt üslubuna görә 4 әsrә aid edilir. İslamaqәdәrki müxtәlif etnik tiplәri әks etdirәn ossuarilәr, gil heykәlciklәr vә lövhәlәr, 10–13 әsrlәrә aid şirsiz vә şirli saxsı qablar, çoxlu gil vә şüşә mәmulatı, yerli hakimlәrin adına zәrb olunmuş sikkә dәfinәlәri dә tapılmışdır.
Яфрасийаб шящяр йери. Дивар рясминдян фрагмент. “Яфрасийаб” музейи. Сямяргянд (Юзбякистан).