ƏFVETMƏ – mәhkum olunmuş şәxsi mәhkәmә tәrәfindәn müәyyәn edilmiş cәzadan azadetmә aktı. Azәrb. Resp.-nın cinayәt qanunvericiliyinә görә, Ə. Azәrb. Resp.-nın Prezidenti tәrәfindәn hәyata keçirilir (Azәrb. Resp.-nın CM, m. 82.1). Cinayәt törәtmәyә görә mәhkum olunmuş şәxs Ə. aktı ilә cәzanın qalan hissәsini çәkmәkdәn azad edilә, yaxud ona tәyin olunmuş cәzanın müddәti azaldıla vә ya belә şәxsin cәzasının çәkilmәmiş hissәsi daha yüngül cәza növü ilә әvәz edilә bilәr. Ömürlük azadlıqdan mәhrumetmә cәzası әfv qaydasında iyirmi beş ildәn çox olmayan müddәtә azadlıqdan mәhrumetmә cәzası ilә әvәz edilә bilәr. Ə. aktı ilә cәzasını çәkmiş şәxsin mәhkumluğu onun üzәrindәn götürülә bilәr (CM, m. 82.4) (bax hәmçinin Amnistiya).