ƏHALİ MİQRASİYASI – bir yerdәn digәrinә köçmә, uzunmüddәtli, yaxud ömürlük yaşayış yerlәrini dәyişmәsi ilә әlaqәdar olaraq insanların inzibati-әrazi sәrhәdlәrindәn kәnarlaşması; dövlәt sәrhәdlәrini keçdiyi hal beynәlxalq әhali miqrasiyası adlanır. Ayrı-ayrı әrazilәrlә müqayisәdә Ə.m.-na әhali sayının artıb-azalmasının mühüm mәnbәyi kimi baxılır. 20 әsrin son rübü – 21 әsrin ilk onilliyindә Ə.m. nәticәsindә әn inkişaf etmiş dövlәtlәrin hәr 9cu vәtәndaşı miqranta çevrilmişdir. Əhalinin әrazi üzrә bütün digәr yerdәyişmәlәri arasında Ə.m.-nın seçilmә meyarları ölkәlәr üzrә fәrqlәndirilir. Bu, iqtisadi-әmәk (iş yerinin, peşәnin, iş karyerasının dәyişmәsi), sosial-iqtisadi (hәyat sәviyyәsinin yüksәlmәsi, ahıl yaşda daha әlverişli iqlimdә yaşama sәyi), sosial-sağlamlıq (miqrantın özünün, yaxud ailә üzvlәrinin sağlamlığı ilә әlaqәdar iqlimi dәyişmәk, ekoloji baxımdan daha әlverişli yerә köçmәk mәcburiyyәti), demoqrafik (ailә qurmaq, ailә üzvlәrinin birlәşmәsi) vә s. müxtәlif sәbәblәrdәn yarana bilәr.
Ə.m. demoqrafiya, iqtisadiyyat, sosiologiya, tarix, geologiya, mәdәniyyәtşünaslıq, etnologiya kimi elmlәrin tәdqiqat obyektidir. Ə.m.-nın növlәri yaşayış yerlәrinin dәyişilmә müddәtindәn (daimi, yaxud müvәqqәti, geri dönәn, yaxud dönmәyәn), şәhәr vә kәnd yerlәrinin seçilmәsi baxımından, ölkәlәrarası vә ölkәdaxili axının istiqamәtindәn asılı olaraq fәrqlәndirilir.
19 vә 20 әsrlәrdә daha çox kәnd yerlәrindәn şәhәrә axınla, nәticәdә şәhәr әhalisinin sayının artması ilә xarakterizә olunan Ə.m. ümumdünya tarixi proses olan urbanizasiyanın tәrkib hissәsidir. 20 әsrdә reflektor miqrasiya (hәrbi, millәtlәrarası vә s. münaqişәlәr halı) üstünlük tәşkil etmişdir; 21 әsrdә mütәxәssislәr uzunmüddәtli, daha çox iqtisadi xarakterli sәbәblәrdәn qaynaqlanan tәkamüli miqrasiyanın genişlәnәcәyini proqnozlaşdırırlar.
Cәmiyyәtdә mövcud olan әn müxtәlif amillәr (әhalinin hәyat keyfiyyәti vә sәviyyәsi, siyasi sistem, hüquqi mühit, sosial quruluş, demoqrafik vә ekoloji vәziyyәt, dövlәt siyasәti, ictimai vә tәbii kataklizmlәr) Ə.m.-nın intensivliyinә vә axınının istiqamәtinә tәsir göstәrir. 19 әsrdә E.Ravenştayn Ə.m.-na dair iqtisadi amillәrә әsaslanan qanunlar formulә etmişdir. 1950–60-cı illәrdә tәkmillәşdirilmiş miqrasiya modellәri yaradılarkәn Ravenştaynın metodlarından, demoqrafik indikatorlar nәzәrә alınmaqla, istifadә olunmuş, 1960-cı illәrdә beynәlxalq miqrasiya nәzәriyyәsi hazırlanmışdır. Bu nәzәriyyәyә әsasәn yaşadıqları, hәmçinin gedәcәklәri ehtimal olunan ölkәdәki mövcud stimulların mәcmusu insanların yaşayış yerini dәyişmәlәrinә tәsir göstәrir.
Ə.m., xüsusilә onun immiqrasiya növü iki müxtәlif siyasi (biri iqtisadi vә funksional problemlәrә, digәri mәdәniyyәt, etnik xüsusiyyәtlәr vә әnәnәlәrә әsaslanan) yanaşmanın kәsişmә nöqtәsindә yer alan xüsusi ictimai hadisәdir.
İstәnilәn ölkәdә miqrantların әksәriyyәtinin 16–24 yaşlarında gәnc nәslin (inkişaf etmәkdә olan vә orta inkişaf etmiş ölkәlәrdә), yaxud 30–40 yaşarası nәslin (әn inkişaf etmiş ölkәlәrdә) nümayәndәsi olduğundan hәr hansı regiona güclü miqrasiya әhalinin yaş strukturunun, doğum, ölüm, nikah göstәricilәrinin dәyişilmәsinә tәsir edir.
1950–2000-ci illәrdә inkişaf etmiş dövlәtlәrdә Ə.m.-nın intensivlәşmәsi vә tәmәrküzlәşmәsinә baxmayaraq, ümumdünya “qeyri-vәtәndaş”ların sayında onların payı digәr dövlәtlәr ilә müqayisәdә daha azdır (48%). İnkişaf etmәkdә olan dövlәtlәrin yoxsul әhalisi çox aşağı әrazi mobilliyi (hәrәkәtetmә qabiliyyәti) ilә fәrqlәnir, buradakı beynәlxalq miqrantların әksәriyyәti orta tәbәqәnin daha yüksәkstatuslu (tәhsil, gәlir, mәdәni inkişaf sәviyyәsi üzrә vә s.) nümayәndәsidir. Ə.m.-nın belә qanunauyğunluğu digәr ölkәlәrdә dә yayılmaqdadır. Ən yoxsul dövlәtlәr arasında beynәlxalq miqrasiyanın әsas donorları yoxdur, emiqrasiya prosesi ölkә inkişafının müәyyәn sәviyyәsindәn sonra sürәtlәnmәyә başlayır. Dünya sistemi nәzәriyyәsi zәif inkişaf etmiş ölkәlәrdә bazar iqtisadiyyatının inkişaf sәviyyәsi üzrә Ə.m.-nın keçdiyi mәrhәlәlәri müәyyәnlәşdirir. Bu ölkәlәrdә bazar münasibәtlәrinin inkişafı ilә әlaqәdar әvvәlcә kәnd әhalisi şәhәrә, daha sonra әmәk bazarı balansının pozulması nәticәsindә şәhәr әhalisi digәr dövlәtlәrә miqrasiya edir.
Əsrlәrlә Ə.m. ayrı-ayrı regionların, dövlәtlәrin vә bütün kontinentlәrin әhali strukturuna tәsir göstәrmişdir. Xaricdә öz ölkәlәrinin iqtisadiyyatında mühüm rol oynayan (mәs. Çindәn kәnarda yaşayan tәqr. 50 mln. çinli) böyük hәcmli birliklәr (diasporlar) meydana gәlmiş, transmiqrant anlayışı yaranmışdır.
Dövlәtin siyasi, qanunvericilik vә digәr qәrarlarına uyğun olaraq, bu vә ya digәr növ Ə.m. intensivlәşә bilәr. Mәs., 2000-ci illәrin әvvәllәrindә Çindә qәbul olunmuş kәnd әhalisinin sәrbәst yerdәyişmәsinә dair qәrarın nәticәsindә kәnd miqrasiyası kәskin artmış, kәndlәrdә ümumi iqtisadi fәal әhalinin tәqr. 2/3-si çalışmağa başlamışdır.
Federativ dövlәtlәr ayrı-ayrı әrazilәr üzrә immiqrasiyanı tәnzimlәyәn qanunvericilik әqdlәri ilә (mәs., ABŞ-da miqrasiya qanunvericiliyi ştatlar, hәmçinin yerli özünüidarәetmә sәviyyәsindәdir) fәrqlәnir. Bir çox dünya ölkәlәri vәtәndaşlarının emiqrasiyası ilә bağlı xüsusi siyasәt aparmır: BMT-nin mәlumatlarına görә, inkişaf etmiş dövlәtlәrin yalnız 14%-i vә inkişaf etmәkdә olan ölkәlәrin 23%-indә müvafiq siyasәt mövcuddur.