ƏHALİ STATİSTİKASI vә ya demoqrafik statistika – ölkә әhalisinin, yaxud onun ayrı-ayrı qruplarının sayı, tәrkibi, yerlәşmәsi vә tәkrar istehsalına aid mәlumatların toplanması, işlәnmәsi vә tәhlili zamanı statistik metodları tәtbiq edәn statistika sahәsi. Əhalinin sayı haqqında mәlumatların cәmi, bәzәn isә bu mәlumatların toplanması vә işlәnmәsi üçün praktiki fәaliyyәt dә Ə.s.-na aid edilir. Ə.s.nın işlәyib hazırladığı metodlar statistika nәzәriyyәsinin müddәalarına әsaslanır. Əhalinin sayı, tәrkibi vә yerlәşmәsi haqqında mәlumatlar әhalinin siyahıyaalınması vә seçmә müşahidәlәr yolu ilә toplanır. Vәtәndaşlıq vәziyyәti aktlarının qeydiyyatına әsasәn doğulan, ölәn, nikah bağlayan vә nikahı pozanların sayı nәzәrә alınır. Qeydiyyataalma vә qeydiyyatdançıxma zamanı doldurulan uçot talonları әhali miqrasiyasının miqyası vә istiqamәti haqqında mәlumat verir. Şәhәrlәrdә ev, kәnd yerlәrindә isә tәsәrrüfat dәftәrlәrindә әhalinin cari uçotu aparılır. Bütün bu mәlumatlar әsasında doğum, ölüm, nikah, boşanma әmsalları hesablanır, ölüm sayı, ömrün uzunluğu vә s.-ni xarakterizә edәn demoqrafik cәdvәllәr tәrtib olunur, ölkәnin vә ya ayrı-ayrı regionların әhalisinin cari vә perspektiv sayı, cinsi, yaş tәrkibi göstәrilir.