ƏHALİNİN SİYAHIYAALINMASI – müәyyәn olunmuş müddәtlәrdә ölkәnin hәr bir sakinini xarakterizә edәn demoqrafik, iqtisadi vә sosioloji mәlumatların toplanması. Ə.s.-nın mәqsәdi әhalinin sayı, tәrkibi vә yerlәşmәsi haqqında mәcmu mәlumatların alınmasıdır. Bütün ölkә üçün eyni olan suallar siyahısına әsasәn müәyyәnlәşdirilәn bu mәlumatlar demoqrafik (mәs., cins, yaş, nikahda olma vәziyyәti vә s.), iqtisadi (mәs., mәşğuliyyәt, yaşayış vasitәlәri mәnbәyi vә s.), etnik (milliyyәti, ana dili vә s.) vә digәr cәhәtlәri (daha çox ailәnin tәrkibi haqqında mәlumatlar) ehtiva edir. Xüsusi tәlimat almış qeydiyyatçılar mәlumatları sәnәdlәrdәn deyil, evlәrә şәxsәn müraciәt edәrәk (blanklar tәqdim edәrәk vә s.), birbaşa sakinlәrin özlәrindәn toplayırlar. Sorğu bir neçә gün әrzindә aparılır, lakin mәlumatlar müәyyәn vaxt kәsiminә qәdәr toplanır: bu müddәtdәn әvvәl ölәnlәr vә sonra doğulanlar nәzәrә alınmır. Toplanmış mәlumatlar yoxlanıldıqdan sonra kodlaşdırılır, kompüterlәrә daxil edilir vә orada hәr bir kateqoriya (әrazi üzrә – rayon, kәnd, şәhәr; sosial vә iqtisadi kateqoriyalar üzrә – yaş, cins, mәşğulluq vә s.) bölgüsü üzrә hesablanır.