ƏHD SANDIĞI – iudaizmdә yәhudilәrin müqәddәs saydığı әmanәtlәrin – on әmrin yazıldığı vә Allahın Sina dağında Musaya verdiyi lövhәlәrin saxlandığı sandıq. Quranda “tabut” adı ilә verilmişdir (2:248). Ayәyә görә, Ə.s.-nın içindә “sәkinә” (mәnәvi bir qüvvә), hәmçinin Musa vә Harun nәslindәn qalan bәzi әşyalar (Musanın әsası, Tövrat lövhәlәri, qüdrәt halvası vә s.) olmuşdur. Əhdi-әtiqdә Ə.s. “Şәhadәt sandığı”, “Allahın sandığı” da adlandırılır.
“Çıxış” kitabına görә, Ə.s. Allahın dәqiq göstәrişlәri әsasında әbrişim (akasiya) ağacından, “iki arşın yarım” uz.-nda (tәqr. 125 sm), “bir arşın yarım” enindә vә hünd.ndә (tәqr. 75 sm), içi vә üzәri qızılla örtülmüşdü. Ə.s.-nın künclәrindәki qızıl halqalara keçirilmiş vә onu daşımaq üçün nәzәrdә tutulmuş qızılla örtülü şüvüllәr dә eyni ağacdan düzәldilmişdi. Ə.s.-nın qızıldan olan qapağının üstündә qanadları yuxarıya doğru açılmış iki mәlәk fiquru yerlәşirdi.
Ə.s. Allahın İsrail xalqı ilә bәrabәr olmasının nişanәsi idi. Yәhudilәrin Misirdәn çıxışı dövründә Ə.s. sәyyar çadır mәbәdin xüsusi yerindә saxlanılırdı. Kәnana gedәrkәn uzun sәyahәt boyunca Ə.s.nı Qohat nәslindәn olan levililәr daşıyırdılar. Yәhudilәr Kәnan vә Qüdsü fәth edәndәn sonra e.ә. 10 әsrin әvvәllәrindә Süleyman Ə.s.-nı Qüds mәbәdinin “qüdsülәqdәs” deyilәn hissәsindә yerlәşdirmişdi. Babillilәr bu mәbәdi e.ә. 586 ildә dağıdandan sonra Ə.s. itmişdir.