ELDEM (Sәdat Hakkı) (?, 1908, İstanbul – 7.9.1988, İstanbul) – türk memarı. İstanbul Nәfis sәnaye mәktәbini bitirmişdir (1928). Paris vә Berlindә A.Perret vә Le Korbüzye ilә birgә çalışmışdır. Türkiyәyә qayıtdıqdan sonra Gözәl Sәnәtlәr Akademiyasında fәaliyyәt göstәrmişdir (1932). 1934 ildә Milli memarlıq seminarı adı ilә tanınan tәdqiqat qurumunu yaratmış, türk memarlıq әnәnәlәrini dirçәltmәyә, milli memarlıq cәrәyanı ideyalarının hәyata keçirilmәsinә, funksional müasir türk memarlığının tәşәkkülünә sәy göstәrmişdir. E.-in qәdim әsәrlәri mühafizә cәmiyyәtindә vә Daşınmaz qәdim әsәrlәr vә abidәlәr ali qurumunda çoxillik (1943–78) xidmәtlәri var. 1982 ildә memarlıq vә şәhәrsalma sahәsindә Sәdat Simavi, 1986 ildә İstanbul Zeyrәkdәki Sosial sığortalar qurumunun binasına görә Ağa Xan mükafatlarına layiq görülmüşdür. E. әnәnәvi türk memarlığına dair bir çox kitab vә mәqalәlәrin müәllifidir. Onun layihәlәri әsasında inşa olunmuş Yalova Termal hoteli (1935), İstanbul Un-ti fәnn vә әdәbiyyat fakültәlәri (E.Onatla birlikdә, 1944), Ankara Un-tinin fәnn fakültәsi (1947), İstanbul Әdliyyә Sarayı (Onatla birgә, 1949), İstanbulda Hilton hoteli (1952, müştәrәk iş), Yeni Dehlidә Türkiyә sәfirliyi (1966), Ankarada Pakistan sәfirliyi (1966), İstanbulda Atatürk Kitabxanası (1973) vә s. tikililәr dәyәrli memarlıq abidәlәridir. İstanbuldakı Boğaziçi köşk vә bağ evlәri E. yaradıcılığının mühüm hissәsini tәşkil edir.
Елдем. Ататцрк Китабханасы. Истанбул