ELEGİYA (yun. έλεγος – şikayәt) – әdәbi-musiqi janrı. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn, kәdәrli) orta uzunluqlu şeir. Çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. E.ә. 7 әsrdә Yunanıstanda meydana gәlmişdir (Kalin, Mimnerm, Tirtey, Feoqnid). Әvvәllәr, әsasәn, әxlaqi-siyasi mәzmunda olmuş, sonralar Ellin vә Roma әdәbiyyatında E.-da mәhәbbәt mövzusu üstünlük tәşkil etmişdir. Antik E. nümunәlәri orta әsrlәr vә İntibah dövrü latın poeziyasında tәqlid yolu ilә meydana gәlmişdir. 16 –17 әsrlәrdә yenidilli poeziyaya keçmiş (Fransada P.Ronsar, İngiltәrәdә E.Spenser, Almaniyada M.Opits, Polşada Y.Koxanovski), lakin uzun müddәt ikinci dәrәcәli janr hesab olunmuşdur. E.-nın inkişafı romantizmdәn әvvәl vә romantizm dövrünә tәsadüf etmiş (T.Qrey, E.Yunq, Ş.Milvua, A.Şenye, A. Lamartinin “qәmli E.-ları”, E. Parnanın “mәhәbbәt E.-ları”), Götenin “Roma elegiyaları”nda antik E. bәrpa olunmuşdur. Sonralar E. janr olaraq tәdricәn aradan çıxmış, termin ilkin mәnasını itirmişdir (R.M.Rilkenin “Duin elegiyaları”, B.Brextin “Bukov elegiyaları”). Rus poeziyasında E. 18 әsrdә meydana gәlmiş, A.S. Puşkinin yaradıcılığında inkişaf etmişdir.
M u s i q i d ә kәdәrli, seyrçi, ovqat yaradan әsәr (mәs., Borodinin “Uzaq vәtәnin sahillәri üçün” romansı, Massnenin fp. vә violonçelin müşayiәti ilә sәs üçün “Elegiya”sı). Bәzәn E. janrında sırf instrumental pyeslәr dә yazılır (F.Әmirovun “12 miniatür” silsilәsindәn “Elegiya”, T. Bakıxanovun “Violonçel ilә orkestr üçün elegiya”sı vә s.).