ELEKTRİK AKKUMULYATORU – elektrik enerjisini kimyәvi enerjiyә çevirib toplamaq vә lazım olduqda tәkrar elektrik enerjisinә çevirib işlәtmәk üçün dәfәlәrlә istifadә edilәn qalvanik element; iş qabiliyyәti doldurma (yüklәmә) yolu ilә, yәni boşalma zamanı cәrәyanın istiqamәtinә әks olan istiqamәtdә cәrәyan buraxmaqla bәrpa olunur. E.a.-nu 1900 ildә T.A. Edison ixtira etmişdir. E.a. elektrolit mәhlulu içәrisinә daldırılmış iki elektroddan ibarәtdir; elektrodlar arasındakı potensiallar fәrqi E.a.-nun e.h.q.-dir. E.a. qoşulmuş elektrik dövrәsi qapandıqda kimyәvi reaksiya enerjisi elektrik enerjisinә çevrilir. Boşalmış (enerjisi tükәnmiş) E.a.-nu doldurmaq üçün onu sabit cәrәyan mәnbәyinә qoşurlar. E.a.-nu xarakterizә edәn göstәricilәr onun işlәmә müddәti (yaxud dolub-boşalma tsikllәrinin mümkün sayı), tutumu (boşalma zamanı akkumulyatorun verә bildiyi elektrik enerjisinin miqdarı), doldurulma vә boşalma vaxtındakı orta gәrginliyi vә enerjisidir. Elektrolit mәhluldan asılı olaraq, E.a. turşu vә qәlәvili növlәrә ayrılır. E.a.- ndan avtomobil nәql.-da, aviasiyada, kosmik aparatlarda, naviqasiya cihazlarında, rabitә qurğularında vә s. istifadә olunur.