ƏHƏR MƏLİKLİYİ – 12 әsrin ortaları –13 әsrin 30-cu illәrindә Azәrb.-da hakimlik. Eldәnizlәr dövlәtinin vassalı olan Ə.m.-nin tәrkibinә Əhәr, Meşkin vә Sәrab ş.-lәri daxil idi. Ə.m.-ni Sәlcuqi sultanı Alp Arslanın [1063–72] Gürcüstana hücumu zamanı әsir alınmış mәnşәcә qıpçaq (bәzi tәdqiqatçılara görә gürcü) olan Mәhәmmәdin nәsli idarә edirdi. Piştәkin (Biştәkin) ibn Mәhәmmәd [1155–1210] vә Nüsrәtәddin Mәhәmmәd ibn Piştәkinin [1210– 30/31] hakimiyyәti dövründә Ə.m.-nin tәsәrrüfatı nisbәtәn inkişaf etdi. Piştәkin vә oğlu Nüsrәtәddin öz adlarından vә Eldәniz hökmdarları Əbu Bәkr [1191–1210] vә Özbәkin [1210–25] adından sikkәlәr kәsdirdilәr. Nüsrәtәddin qoşun dәstәsi ilә Özbәkin Xarәzmşahlara qarşı Hәmәdana hәrbi sәfәrindә iştirak etdi. Xarәzmşah Mәhәmmәdin әsir aldığı Nüsrәtәddin Xarәzmşahların vassallığına keçmәyә mәcbur oldu. Xarәzmşah Mәhәmmәd Əhәr, Meşkin vә Sәrab üzәrindә Nüsrәtәddinin hakimiyyәtini fәrmanla tәsdiqlәdi. 1225 ildә Xarәzmşah Cәlalәddin Tәbrizi tutduqda Nüsrәtәddin onun vassallığını qәbul edib adından sikkә kәsdirdi. Monqolların hücumu nәticәsindә Ə.m.-nә son qoyuldu.