ELEKTRİK TUTUMU – naqilin әsas xarakteristikası, onun elektrik yükünü saxlama qabiliyyәtinin kәmiyyәt ölçüsü. Elektrostatik sahәdә naqilin sәthinin bütün nöqtәlәri eyni potensiala malik olur. φ potensialı naqilin yükü ilә mütәnasibdir, yәni q-nün φ-yә nisbәti q-dәn asılı deyil. Bu, tәklәnmiş naqilin C elektrik tutumu anlayışını daxil etmәyә imkan verir: C = q/φ, yәni tәklәnmiş naqilin elektrik tutumu ondakı q yükünün φ potensialına olan nisbәtinә bәrabәrdir. Belәliklә, verilmiş φ-dә naqilin E.t. böyük olduqca, o daha çox yük saxlaya bilir. E.t. naqilin hәndәsi ölçülәri, forması, әtraf mühitin elektrik xassәlәri ilә (onun dielektrik nüfuzluğu ilә) tәyin edilir vә naqilin materialından asılı deyil.
SQSE vahidlәr sistemindә E.t. sm-lәrlә, Sİ-dә faradlarla ölçülür; 1 F = 9·1011 sm.
E.t. anlayışı hәmçinin naqillәr sisteminә, o cümlәdәn nazik dielektrik qatı ilә ayrılmış iki naqilә – elektrik kondensatoruna da aiddir. Kondensatorun E.t. C = q/(φ1 –φ2), burada q – köynәklәrdәn birinin yükü (kondensatorun köynәklәrinin yükü mütlәq qiymәtcә bәrabәrdir), φ1 – φ2 – köynәklәr arasındakı potensiallar fәrqidir. Kondensatorun E.t. әtrafda olan cisimlәrdәn asılı deyil vә hәndәsi ölçülәri kiçik olan kondensatorlarda çox böyük qiymәtә çata bilir.