ƏHƏR VURUŞMASI (1493) – Baysunqur Mirzә [1490–92] ilә Rüstәm Mirzә [1492–97] arasında baş vermişdir. Ağqoyunlu hökmdarı Baysunqur Rüstәm Mirzә tәrәfindәn devrildikdәn sonra Şirvana – dayısı Fәrrux Yasarın yanına qaçdı. Şirvanşah onun hakimiyyәtini bәrpa etmәyә çalışdı. Bundan ehtiyat edәn Rüstәm Mirzә Bayanduri әmirlәrinin yığıncağını keçirdi. Yığıncaqda hamı Şeyx Heydәrin uşaqlarının hәbsdәn azad olunmasını tәlәb etdi. Rüstәm Mirzә onları azad etdirib Sultanәlini Ərdәbilә qaytardı vә onu müstәqil hakim kimi tanıdı. 1493 ilin yazında Baysunqura qarşı çıxan Sultanәlinin vә Rüstәm Mirzәnin birlәşmiş qüvvәlәri Kürün sağ sahilindә yerlәşdilәr. Lakin heç bir tәrәf Kürü keçmәyә cәsarәt etmәdi. Bu zaman İsfahan әmiri Rüstәmә qarşı qiyam qaldırdı vә Baysunqurun adına xütbә oxutdurdu. Bundan istifadә edәn Baysunqur Şirvan qoşunu ilә Kürü keçdi. Əhәr yaxınlığında baş vermiş döyüş Rüstәm Mirzәnin qәlәbәsilә nәticәlәndi, Baysunqur öldürüldü.