ELEKTRİK YÜKÜ – elektromaqnit sahәsinin mәnbәyi; elementar zәrrәciyin elektromaqnit qarşılıqlı tәsirini tәyin edәn daxili xarakteristikası. Bütün elektrik vә maqnit hadisәlәri E.y.-nün mövcudluğu, hәrәkәti vә qarşılıqlı tәsirinin nәticәsidir.
Şәrti olaraq müsbәt vә mәnfi adlanan iki növ yük mövcuddur. Eyniadlı yüklәr bir-birini itәlәyir, müxtәlifadlı yüklәr isә cәzb olunur (bax Kulon qanunu). Elektriklәnmiş şüşә çubuğun yükü müsbәt, qatranın (o cümlәdәn kәhrәbanın ) yükü isә mәnfi qәbul edilib. Bu şәrtә uyğun olaraq elektronun (elektron yun. – kәhrәba) yükü mәnfidir. E.y. diskretdir: elementar elektrik yükü mövcuddur, bütün zәrrәciklәrin vә cisimlәrin E.y. onun tam misillәrinә bәrabәrdir. Qapalı fiziki sistemin tam elektrik yükü sistemi tәşkil edәn elementar yüklәrin cәbri cәminә bәrabәr olub, zәrrәciklәrin bütün qarşılıqlı tәsirlәri vә çevrilmәlәri zamanı saxlanır (bax Yükün saxlanması qanunu). Sükunәtdә olan yüklәnmiş cisimlәr arasındakı qarşılıqlı tәsir qüvvәsi Kulon qanununa tabedir. E.y.-nün elektromaqnit sahәsi ilә әlaqәsi Maksvell tәnliklәri ilә tәyin edilir. E.y. Sİ-dә kulonla ölçülür.