Azərbaycan Milli Ensiklopediyası
    ƏHLİ-KİTAB

    ƏHLİ-KİTAB,  әhl әl-kitab (әr. – kitab әhli) –  Quranda iman gәtirәnlәrlә (müsәlmanlarla) kafirlәr vә bütpәrәstlәr arasında aralıq mövqe tәşkil edәn insanlara verilәn ad. Quranda 31 dәfә xatırlanan “Ə.-k.” ifadәsinә digәr sәmavi kitablarda rast gәlinmir. İki ayәdә (16:43; 21:7) ümumilikdә Ə.-k. mәnasında “әhlizikr”, bir ayәdә (5:47) isә yalnız xristianlara işarә edәn “әhli-İncil” ifadәsi işlәnmişdir. Müxtәlif ayәlәrdә “kitab verdiklәrimiz”  (2:121,  146),  “kitab  verilmişlәr” (2:101, 144, 145; 3:19, 20, 100, 186) vә “kitabdan bir pay verilmişlәr” (3:23; 4:44) kimi ifadәlәrә dә rast gәlinir. “Bizdәn әvvәl kitab ancaq iki tayfaya nazil edilmişdir” (6:156) ayәsinә әsaslanan erkәn islam mütәfәkkirlәri bununla yәhudi vә xristianların nәzәrdә tutulduğunu yazmışlar. Sonradan sabilәr vә atәşpәrәstlәr dә Ə.-k.-a aid edilmişlәr. Müsәlmanlarla Ə.-k. arasındakı qarşılıqlı münasibәtlәr fiqhlә tәnzimlәnir. Quran müsәlmanları Ə.-k.-la rәftarda mötәdil olmağa çağırır (29:46).