ƏHMƏD CAVAD (Cavad Mәmmәdәli oğlu Axundzadәnin tәxәllüsü; 5.5.1892, indiki Şәmkir r-nunun Seyfәli k. – 1937) – Azәrb. şairi, tәrcümәçi, prof. (1933). Gәncә ruhani seminariyasını (“Mәktәbi-ruhaniyyә”) bitirmiş (1912), Azәrb. Ali Pedaqoji İn-tunun tarix-filologiya fakültәsindә (1922–27) tәhsil almışdır. Müxtәlif illәrdә Quba vә Bakıda müәllimlik etmişdir. 1930–33 illәrdә Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunda (Gәncәdә) Azәrb. vә rus dillәri kafedrasında müәllim, dosent, prof. kimi çalışmış, hәmin kafedraya rәhbәrlik etmişdir. Şeirlәri 1913 ildәn çap olunmağa başlamışdır. Ə.C.-ın yaradıcılığının әn mәhsuldar dövrü Azәrb. Xalq Cümhuriyyәti dönәminә tәsadüf edir. Hәmin vaxtlarda yazdığı şeirlәr yaradıcılığının zirvәsi hesab olunur (“Azәrbaycan, Azәrbaycan”, “Yol ver türkün bayrağına”, “Vәtәn bir fidandır enmәz bayrağı” vә s.). Şair Balkan müharibәsindә iştirak etmiş vә 1914 ildә şahidi olduğu Türkiyәnin Qars vә Ərzurum vil.-lәrindә yerli türk әhalisinә qarşı rus ordusunun vә onun havadarlığı ilә ermәnilәrin törәtdiklәri soyqırımı qurbanlarının xatirәsinә 1915 il Novruz bayramı günü yazdığı “Nә gördümsә“ şeirini hәsr etmişdir. 1914 ildә yazdığı “Qara dәniz” şeiri geniş populyarlıq qazanmışdır. “Qoşma” (1916), “Dalğa” (1919) şeir topluları vә “Türk dilinin sәrfi vә nәhvi” (1919) dәrsliyi Bakıda nәşr olunmuşdur. İlkin yaradıcılığında romantizm әsas yer tutur (“Xortdan”, “Yaralı quş”, “Dan ulduzu”, ”Yazıq”, “Axşamlar” vә s.). Sonrakı dövrlәrdә yazdığı “Biz qardaş deyilikmi”, “Kür”, “Göygöl”, “At bu çadranı”, “Bayram”, “Mәn olaydım”, “Gürcüstan”, “Ey әsgәr”, “Ağlayırdım, gülürәm” vә s. şeirlәrindә müasirlik, milli oyanış, xalq hәrәkatı, türk xalqlarının birliyinә çağırış, xalqın öz yaddaşına dönüşü kimi duyğular, xüsusәn türk dünyası obrazı qabarıq şәkildә әksini tapmışdır. Əsәrlәri lirizmi, yüksәk şeiriyyәti, ahәngdarlığı, bәdii obrazlılığı ilә seçilir. U.Şekspirin “Otello” faciәsini, A.S.Puşkinin şeirlәrini, Ş.Rustavelinin “Pәlәng dәrisi geymiş pәhlәvan” poemasını vә s. Azәrb. dilinә tәrcümә etmişdir. Azәrb. Xalq Cümhuriyyәti himninin mәtninin (musiqisi Ü.Hacıbәylinindir, “Azәrbaycan marşı” adlanmış, rәsmәn qәbul olunmamışdı) müәllifidir. Repressiyaya mәruz qalan Ə.C. 1937 ildә hәbs olunaraq güllәlәnmişdir. Adına mәktәb vә küçә var.
Əsәrlәri: Seçilmiş әsәrlәri, 2 cilddә. B., 1992; Seçilmiş әsәrlәri. B., 2005.