ELEKTROBÚR, e l e k t r i k q a z ı y ı c ı s ı – elektrik mühәrriki ilә işlәyәn vә valında qazıma baltası olan maşın. Vurma qazıması üçün E.-un yaradılma ideyası rus mühәndisi V.İ. Delova mәxsusdur (1899). 1938–40 illәrdә rus mühәndislәri A.P. Ostrovski vә N.V. Aleksandrov tәrәfindәn yaradılmış qazıma boruları ilә quyuya endirilәn E. ilk dәfә fırlanma qazımasında tәtbiq edilmişdir. E.-la ilk quyu 1940 ildә Bakıda Qala sahәsindә qazılmışdır. E. elektrik mühәrriki vә şpindeldәn ibarәtdir. E.-dan istifadә etdikdә boru kәmәrinin fırlanması aradan qaldırılır. Elektrik enerjisi quyu dibindәki mühәrrikә qazıma borularının içәrisindә yerlәşdirilmiş kabel vasitәsilә verilir vә balta fırlanmağa başlayır. Üçfazalı elektrik mühәrrikinin gücü (75–240 kVt) E.-un diametrindәn asılıdır. E.-un fırlanma momentini artırmaq üçün mühәrriklә şpindelin arasına quraşdırılan vә fırlanma tezliyini 350, 220, 150, 70 dövr/dәq-әdәk azaldan reduktor taxmalarından istifadә edilir. Reduktorsuz E.-ların fırlanma tezliyi 455–685 dövr/dәq-dir. E.-un uz. 12–16 m, xarici diametri 164– 290 mm-dir. E.-un quyu dibinә ötürülәn güc vә momentini artırmaq üçün 1961–62 illәrdә Bakı mühәndislәri tәrәfindәn bölmәli (ES215-8) E. hazırlanaraq Qaradağ-Damba sahәsindә dәrin quyuların qazılmasında tәtbiq edilmişdir. 1965 ildә böyük diametrli baltalarla işlәmәk üçün Y.V. Sadıqov, İ.S. Qasımbәyov vә E.R. Cәlalov tәrәfindәn ES250-10 bölmәli E. hazırlanıb Qaradağ-Damba sahәsindә sınaqdan keçirilmişdir. Bölmәli E.-un tәtbiqi quyu dibinә ötürülәn gücün vә burucu momentin artırılmasına imkan vermişdir. E. ilә qazımada baltaların quyu dibindә sәmәrәli işlәmәsi üçün 20
әsrin 70–80 illәrindә Azәrb.-da akad. A.Ә. Әfәndizadәnin rәhbәrliyi altında E.-un quyudibi mühәrrikinin sürәtini tezlik vasitәsilә idarә edәn sistem yaradılmış vә Bakı mәdәnlәrindә tәtbiq olunmuşdur.
Quyu lülәsinin vәziyyәtinә vә qazımanın texnoloji parametrlәrinә fasilәsiz nәzarәt mәqsәdilә maili istiqamәtlәnmiş vә şaxәlәnmiş üfüqi quyuların qazılmasında xüsusi dalma aparatları (o cümlәdәn telemetrik) vardır. E.-la qazıma zamanı quyudibinin tәmizlәnmәsi işlәri qazıma mәhlulu, hava vә ya qazla aparılır.