ƏHMƏD DANİŞ bin Nәsir (tәxәllüsü Kәllә; 1827, Buxara – 1897, Buxara) – tacik yazıçısı vә filosofu. Yoxsul ruhani ailәsindә doğulmuş, mәdrәsәdә tәhsil almışdır. 19 әsr tacik maarifpәrvәrlәrinin dәrnәyinә başçılıq etmişdir. Ə.D. әmir elçilәri tәrkibindә Peterburqda (1857, 1869, 1874) olmuş, rus dili vә mәdәniyyәtini öyrәnmәyi tövsiyә etmişdir. Ə.D. “Siyasi risalә” әsәrindә islahat aparmağın zәruriliyini göstәrmiş, özü dә islahat layihәsini işlәyib hazırlamışdı. Ə.D. hәmin islahatın hәyata keçirilmәsini hakimiyyәti mәşvәrәtçi orqanla mәhdudlaşan әmirin fәaliyyәti ilә bağlayırdı. “Şöhrәtli Buxaranın manqıt әmirlәrinin qısa tәrcümeyi-halı” (1860–65), “Ən nadir әhvalatlar” (1875–82) әsәrlәri 19 әsr Buxara tarixini öyrәnmәk üçün mәnbәdir. Ə.D.-in әsәrlәri Orta Asiya xalqlarının yeni әdәbiyyatına, xüsusilә M.Heyratın vә S.Ayninin yaradıcılığına böyük tәsir göstәrmişdir.