ELEKTRODSUZ BOŞALMA – yüksәktezlikli boşalma növlәrindәn biri; bu zaman enerji kontaktsız üsulla (elektrod olmadan) verilir, boşalma cәrәyanı isә ya yerdәyişmә cәrәyanı (E-boşalma), ya da induksiya cәrәyanı (H-boşalma) vasitәsilә yaranır. İçәrisindә seyrәlmiş qaz olan kolba rәqs konturunun kondensatorunun lövhәlәri arasında yerlәşdirilsә, xәtti cәrәyanlı E- boşalma müşahidә olunar (şәkil a). Kolba rәqs konturunun makarasının daxilindә yerlәşdirildikdә isә dairәvi cәrәyanlı H- boşalma müşahidә edilir (şәkil b). Bu cür kolbada maqnit sahәsinin kömәyi ilә divardan izolә edilmiş vә kifayәt qәdәr yüksәk cәrәyan şiddәtindә praktiki olaraq tamamilә ionlaşmış yüksәk temp-rlu plazmanın alınması xüsusi әhәmiyyәt kәsb edir. E.b.-nı, hәmçinin, seyrәlmiş qaz olan kolbanı dalğaötürәnә yerlәşdirmәklә dә almaq mümkündür.
Elektrodsuz boşalmanın alınması sxemi – xәtti (a) vә dairәvi (b): BK – içәrisindә seyrәlmiş qaz olan boşalma kolbası; C – rәqs konturunun kondensatoru; L – öz-özünә induksiya sarğacı (makarası); G – elektromaqnit rәqslәrinin generatoru.