ELEKTROKİMYA – fiziki-kimyanın bölmәsi; tәrkibindә ionlar olan sistemlәri (mәhlullar, әrintilәr vә bәrk elektrolitlәr), hәmçinin iki fazanın bölünmә sәrhәdindә yüklü hissәciklәrin (ionlar vә elektronlar) iştirakı ilә gedәn proses vә hadisәlәri öyrәnir. İkifazalı elektrokimyәvi sistemdә fazalardan biri, adәtәn metal, yaxud yarımkeçirici, digәri elektrolit mәhlulu vә ya әrintisi, yaxud bәrk elektrolit olur. Digәr tәrifә görә E.-ya elektrik cәrәyanının yaranması ilә müşayiәt olunan vә ya әksinә, elektrik cәrәyanının kimyәvi birlәşmәlәrә tәsiri ilә baş verәn fiziki-kimyәvi proseslәri öyrәnәn elm kimi baxıla bilәr. 18 vә 19 әsrlәrdә L.Qalvani vә A. Voltanın (E.-nın yaranması bu tәdqiqatçıların adı ilә bağlıdır) işlәri nәticәsindә ilk kimyәvi cәrәyan mәnbәyi – “Volta sütunu” yaradıldı. Sonralar qalvanik elementlәr adlandırılan daha mükәmmәl kimyәvi cәrәyan mәnbәlәri işlәnib hazırlandı. Onların kömәyi ilә fizika sahәsindә çoxlu kәşflәr edilmiş, elektrik vә maqnetizmin bir sıra qanunları formalaşdırılmışdır.
19 әsrin әvvәllәrindә H. Devi cәrәyanın kimyәvi mәnbәlәrindәn istifadә edәrәk çoxlu sayda maddәlәrin elektrolizini hәyata keçirmişdir. M. Faradey hәmin әsrin 30-cu illәrindә elektrolizin miqdari qanunlarını (bax Faradey qanunları) kәşf etmişdir. 1887 ildә S.Arrenius elektrolitik dissosiasiya nәzәriyyәsinin әsaslarını vermişdir. A. Kablukov 1891 ildә ionların solvatlaşması haqqında anlayışı elmә daxil etmiş vә belәliklә, D.İ. Mendeleyevin 1868 ildә irәli sürdüyü mәhlulların kimyәvi nәzәriyyәsini Arreniusun nәzәriyyәsi ilә әlaqәlәndirmişdir. Arrenius nәzәriyyәsi 20 әsrin 20-ci illәrindә P. Debay vә E. Hükkel tәrәfindәn ionlar arasında elektrostatik qarşılıqlı tәsir nәzәrә alınmaqla tәkmillәşdirildi (Debay-Hükkel nәzәriyyәsi). Sonralar bu nәzәriyyә әsasında elektrolitlәrin elektrik keçiriciliyi haqqında model tәsәvvürlәr inkişaf etdirildi (L. Onsager, 1926). 19 әsrin 2-ci yarısında V. Nernst, C. Gibbs vә Q. Helmholtsun işlәri sayәsindә E.-nın әsas termodinamiki münasibәtlәri müәyyәn edildi. V. Nernst nәzәriyyәsinә görә qalvanik elementdә elektrik enerjisinin mәnbәyi metal elektrod ilә
elektrolit mәhlulu ayırıcısında (sәrhәdindә) gedәn kimyәvi reaksiyanın enerjisidir. Gibbs –Helmholts termodinamiki tәnliyi qalvanik elementin e.h.q.-ni reaksiyanın istilik effekti vә temp-r ilә әlaqәlәndirmәyә imkan verir. Nernst tәnliyi isә elektrolitin qatılığından e.h.q.-nin termodinamiki asılılığını ifadә edir. 20 әsrin 30–40-cı illәrindә A. N. Frumkin qalvanik elementin e.h.q.-nin yaranma mexanizminin düzgün hәllini verdi. O göstәrdi ki, qalvanik elementin e.h.q. iki müxtәlif metal sәrhәdindәki kontakt potensialların fәrqi vә elektrod ilә elektrolit mәhlulu sәrhәdindәki ikiqat elektrik tәbәqәlәrindә potensial sıçrayışların cәmi ilә ifadә olunur.
İkiqat elektrik tәbәqәsinin yarandığı elektrod ilә mәhlul arasındakı sәrhәdin quruluşu haqqındakı model tәsәvvürlәrin daha da irәli getmәsindә Helmholts (1879), J. Qui (1910) vә O. Stern (1924) rol oynamışlar. 20 әsrin 20-ci illәrindәn başlayaraq elektrokimyәvi kinetikanın әsasları inkişaf etmişdir.
Elektrod proseslәrin sürәti haqqında tәlimin inkişafına M. Folmer, T. Erdei- Qruz, elәcә dә A.N. Frumkin vә Y. Qeyrovskinin mәktәblәri fundamental töhfәlәr vermişlәr.
Belәliklә, davamlı inkişaf nәticәsindә nәzәri E.-nın aşağıdakı bölmәlәri yaranmışdır: Elektrolitlәrin quruluşu vә elektrikkeçiriciliyi haqqında tәlim; elektrodla mәhlul arasındakı sәrhәddә elektrokimyәvi tarazlıqlar haqqında tәlim; elektrokimyәvi reaksiyaların sürәti haqqında tәlim. 20 әsrin sonunda E.-nın yeni müstәqil bölmәsi – iki ion sisteminin sәrhәdindә membran proseslәri vә tarazlıqları haqqında tәlim yarandı; burada iki elektrolit mәhlulunu ionları seçici buraxan membranla ayırdıqda meydana çıxan (taraz vә qeyri-taraz) proseslәr öyrәnilir. Bu bölmәnin inkişafı ilk öncә canlı orqanizmlәrdәki bir sıra fizioloji hadisәlәr (enerjinin çevrilmәsi proseslәri, sinir impulslarının yayılması vә s.) ilә membran sistemlәrinin elektrokimyәvi xassәlәri arasında әlaqәnin olması ilә şәrtlәnir. Membran E.-sının inkişafı müxtәlif tip membranların elektrolizerlәrdә, kimyәvi cәrәyan mәnbәlәrindә, elәcә dә suyun tәmizlәnmәsi qurğularında geniş tәtbiqi ilә bağlıdır.
E. ilә kolloid kimya sıx әlaqәlidir; ikiqat elektrik tәbәqәsinin quruluş problemlәri, yüklü fazalararası sәrhәddә ad- sorbsiya vә elektrokinetik hadisәlәr E. vә kolloid kimya arasındakı sәrhәd sahәsindә öyrәnilir. E. ilә biologiyanın qovuşağında bioelektrokimya yaranmışdır; hәmçinin
fotoelektrokimya müstәqil istiqamәt kimi ayırd edilir.
E.-nın inkişafı elektrotexnika, radio- texnika, mikroelektoronika vә kompüter texnikasının nailiyyәtlәri ilә әhәmiyyәtli dәrәcәdә bağlıdır; bu sәnaye sahәlәri әsasında elektrokimyәvi sistemlәrin öyrәnil- mәsi üçün çoxlu üsullar işlәnib hazırlanmışdır. Tәtbiqi E.-nın bölmәlәrindәn biri olan xemotronika müxtәlif elektron sxemlәrin elementi kimi elektrokimyәvi sistemlәrin istifadәsi problemlәri ilә mәşğuldur.
Elektrokimyәvi üsullar kimyәvi reaksiyaların istilik effektinin, aktivlik әmsalının tәyinindә, müxtәlif kimyәvi sistemlәrdә tarazlıq sabitinin müәyyәnlәşdirilmәsindә, analitik kimyada geniş istifadә olunur.
Әd.: Б.Б. Д а м а с к и н, О.А. П е т р и й. Электрохимия. М., 1987.