ƏHMƏD VƏFİQ PAŞA (3.7.1823, İstanbul – 2.4.1891, İstanbul) – Osmanlı dövlәt vә siyasi xadimi, alim, yazıçı. İxtisasca mühәndis idi. Fransada tәhsilini başa vurduqdan sonra İstanbula qayıtmış, 1837 ildә Babi-Alinin Tәrcümә Odasında işlәmişdir. Londonda (1840–42), Tehranda (1851–54), Parisdә (1859–61) sәfir olmuşdur. 1862–64 illәrdә müxtәlif dövlәt vәzifәlәrindә çalışmış, geniş tikinti işlәri aparmış, su kanalları çәkdirmiş, tarixi memarlıq abidәlәrini bәrpa etdirmişdi. Ə.V.p.-nın xalq içәrisindә böyük nüfuz qazanması Osmanlı sarayında ona qarşı müxalif qüvvәlәrin meydana gәlmәsinә sәbәb olmuş, nәticәdә 1865 ildә onların iftirası ilә tәqaüdә göndәrilmişdir. Lakin Mahmud Nәdim paşa baş vәzir olduqdan (1871) sonra yenidәn siyasi fәaliyyәtә qayıtmış, müxtәlif vәzifәlәrdә çalışmışdır. 1877 ildә II Əbdülhәmidin dövründә birinci mәşrutәnin elanından sonra İstanbuldan millәt vәkili seçilmiş, Mәclisi-
Mәbusanın sәdri tәyin edilmiş, martın 26-da isә ona vәzir rütbәsi verilmişdir. 1878 vә 1882 illәrdә baş vәzir idi. Ə.V.p.-nın tarixә dair әsәrlәri Türkiyә tarixi ümumi kursunun yaradılmasında ilk cәhd olmuşdur. Molyerin tәsiri ilә komediyalar yazmışdır. Volter, Molyer, Şekspir, Hüqo vә b.-nın әsәrlәrinin türk dilinә ilk tәrcümәçilәrindәndir. Əbülqazinin “Şәcәreyi-tәrakimә” әsәrini türkcәyә çevirmiş vә şәrh etmişdir (1864). “Fәzlәkeyi-tarixi-Osmani” (1869), “Lәhceyi-Osmani” (1876) әsәrlәrinin müәllifidir. İbn Xәldunun әsәrlәrinә geniş müqәddimәsi, türk folkloru vә dilinә dair әsәrlәri var.