ELEKTROMAQNİT QARŞILIQLI TӘSİRİ – qravitasiya, zәif vә güclü qarşılıqlı tәsirlәrlә yanaşı, elektromaqnit sahәsinin iştirakı ilә xarakterizә olunan fundamental qarşılıqlı tәsir növü. Elektromaqnit sahәsi (kvant fizikasında – foton) qarşılıqlı tәsir zamanı ya şüalanır, ya udulur, ya da cisimlәr arasındakı qarşılıqlı tәsiri ötürür. Mәs., müxtәlif elektrik yükünә malik tәrpәnmәz iki cisim arasındakı cazibә yüklәrdәn birinin digәrindә yaratdığı elektrik sahәsinin tәsiri ilә baş verir.
E.q.t. uzaqtәsirlidir vә cisimlәr arasında hәm cazibәyә, hәm dә itәlәmәyә sәbәb olur. Bu, müxtәlifadlı iki elektrik yükünün (müsbәt vә mәnfi) mövcudluğunu әks etdirir. Müxtәlifadlı yüklәr cәzb olunurlar, eyniadlı yüklәr isә itәlәnirlәr. Tәbiәtdә sәrbәst maqnit yüklәri müşahidә edilmәmişdir (bax Maqnit monoqütbü).
E.q.t.-nin kömәyi ilә maddәnin atom vә molekullarında müsbәt yüklü nüvәlәrin mәnfi yüklü elektronlarla qarşılıqlı tәsiri hәyata keçirilir vә bu da nәticәdә belә mikrosistemlәrin dayanıqlı halının mümkün olmasını (kvant mexanikası qanunları әsasında) şәrtlәndirir. E.q.t.-nә makroskopik hadisәlәrdә müşahidә olunan әksәr qüvvәlәr, o cümlәdәn elastik, sürtünmә, mayelәrdә sәthi gәrilmә qüvvәlәri vә s. daxildir. Maddәnin müxtәlif aqreqat hallarının xassәlәri, kimyәvi çevrilmәlәr, elektrik, maqnit vә optik hadisәlәr E.q.t. ilә şәrtlәnir. E.q.t.-ndәn elektrotexnikada, radiotexnikada, elektronikada, optika vә kvant elektronikasında geniş istifadә edilir.
Zәif, yavaşdәyişәn elektromaqnit sahәsinә malik elektromaqnit hadisәlәri Maksvell tәnliklәri ilә tәsvir edilәn qanunlarla idarә olunur. Güclü vә ya tezdәyişәn sahәlәr üçün kvant hadisәlәri әsas rol oynayır. Elektromaqnit şüası sahәsinin kvantları (fotonlar vә ya γ-kvantlar) εγ= ћω, p =(ћω/c)n impulsuna (burada n–elektromaqnit dalğalarının yayılma istiqamәtindә vahid vektor, ω – onun dairәvi tezliyidir), J =1 spininә vә mәnfi yük cütlüyünә malikdir. Tam spinә malik olan fotonlar Boze–Eynşteyn statistikasına tabedir, buna görә dә eyni bir vәziyyәtdә istәnilәn sayda foton ola bilәr. Bu, böyük sayda fotonların (nω=ε/ћω >>1) iştirak etdiyi E.q.t.-ni yalnız kvant fizikası çәrçivәsindә deyil, klassik fizika çәrçivәsindә dә tәsvir etmәk imkanını şәrtlәndirir. Fundamental hadisә olaraq E.q.t. kvant effektlәrinin әhәmiyyәt kәsb etdiyi kiçik mәsafәlәrdә (adәtәn atom vә ya ondan kiçik tәrtiblәrdә) öyrәnilir. Fotonlar vә yüklü leptonlar arasındakı qarşılıqlı tәsir kvant elektrodinamikasının tәnliklәri ilә tәsvir olunur.
Adronların vә nüvәlәrin iştirakı ilә baş verәn elektromaqnit proseslәrindә (mezonların fotoqrafiyası, elektronların vә müonların protonlardan vә nüvәlәrdәn sәpilmәsi, nüvәlәrin parçalanması vә s.) güclü qarşılıqlı tәsir mühüm rol oynayır. Adronların vә nüvәlәrin E.q. t. onların quruluşunu, güclü qarşılıqlı tәsirin tәbiәtini öyrәnmәk üçün geniş imkan yaradır. Mәs., nüvәlәrin ölçülәri, onlarda yüklәrin paylanması haqqında әn tam mәlumat elektronların nüvәlәrdәn elastik sәpilmә kәsiyinin ölçülmәsi zamanı alınıb. Mezonların fotodoğulması zamanı bәzi nuklon rezonansları kәşf edilib vә s.
Adronların quruluşunun öyrәnilmәsindә böyük enerjili elektronların protonlardan sәpilmәsinә aid eksperimentlәr mühüm rol oynamışdır. Mәlum olmuşdur ki, elastik sәpilmәnin diferensial kәsiyi nöqtәvi zәrrәcikdәn sәpilmәnin kәsiyindәn әhәmiyyәtli dәrәcәdә fәrqlәnir vә |q2|-nın (burada q elektronla ötürülәn dördölçülü impulsdur) böyümәsi axırıncı ilә müqayisәdә güclü surәtdә azalır. Bu onu göstәrir ki, nuklon ölçüsü olan obyektdir. Әksinә, dәrin qeyri-elastiki sәpilmәnin (sәrt proses deyilәn) kәsiyi e+p → e + adronlar [adronlara böyük impulslar ( > 1GeV/san) vәenerjilәr (≳ 2–3GeV) ötürülür] özünü nöqtәvi zәrrәcikdәn sәpilmә kimi aparır. Axırıncı hal adronların parton modelini aşkara çıxardı. Bu modelә әsasәn adronlar partonlardan – fotonlarla qarşılıqlı tәsir zamanı özünü quruluşsuz (nöqtәvi) zәrrәcik kimi göstәrәn hissәlәrdәn ibarәtdir.
Partonların kvarklarla eynilәşdirilmәsi adronların quruluşunun başa düşülmәsi üçün sәmәrәli oldu. E.q.t.-nә adronların kvark modelinin tәtbiqi zәrrәciklәrin maqnit momentlәri ilә yanaşı, hәm dә adronların radiasion parçalanma ehtimalı, elektronların elastiki vә dәrin qeyri-elastiki sәpilmә kәsiyi üçün proqnozlarla eksperimentin yaxşı uzlaşmasına imkan yaradır. E.q.t. zamanı foton adronların tәrkibinә daxil olan kvarklarla qarşılıqlı tәsirdә olur. Sәrt proseslәrdәki qarşılıqlı tәsir nәticәsindә böyük enerji alan kvarklar vә onların buraxdığı qlüonlar adron şırnağı әmәlә gәtirirlәr. Yumşaq elektromaqnit proseslәrindә foton virtual şәkildә kvark-antikvark sisteminә keçir vә adronların kvarkları ilә qarşılıqlı tәsirdә olur.
Sәrt proseslәrdә, kiçik mәsafәlәrdә (≲ 10–14 sm) qeyri-müәyyәnlik prinsipinә görә şәrtlәnәn hadisәlәr zamanı adrondakı kvarklar özünü tәxminәn sәrbәst zәrrәciklәr kimi ararır. Bunun әsasında kvant xromodinamikası–kvarkların vә qlüonların qarşılıqlı tәsir nәzәriyyәsi işlәnib tәkmillәşdirilmişdir. Adronların E.q.t.-nin tәdqiqi onların zәif vә güclü qarşılıqlı tәsirlәrinin öyrәnilmәsi ilә yanaşı, bu nәzәriyyәnin yoxlanması vә sonrakı inkişafı baxımından mühüm rol oynayır.