ƏHMƏDİ TACƏDDİN İbrahim ibn Xızır (1334/35–1412/13) – türk şairi. Hәyatı haqqında mәlumat azdır. Qaynaqlarda Gәrmiyan bәyliyi bölgәsindә Uşak vә ya Kütahyada doğulduğu göstәrilir. Kütahya vә Qahirәdә tәhsil almışdır. Dini biliklәrlә yanaşı, tibb vә riyaziyyat elminә dә yiyәlәnmişdir. I Muradın hakimiyyәti dövründә Gәrmiyan valisi İldırım Bәyazidin, daha sonra Bursada Əmir Süleymanın [“Cәmşid vә Xurşid”, “Tәrvih ül-әrvah” (“Ruhların sakitliyi”) mәsnәvilәrini ona hәsr etmişdir.] xidmәtindә olmuşdur. Divan әdәbiyyatının yeni yarandığı dövrdә İran şairlәrindәn әxz erdiyi ortaq cәhәtlәri milli xüsusiyyәtlәrlә rövnәqlәndirәn Ə. dünyәvi mәhәbbәt, tәbiәt gözәlliklәri mövzularında yazdığı şeirlәri ilә tanınmışdır. 80 min beytlik divanı sadә xalq dilinә әsaslanan üslubu ilә diqqәti cәlb edir. Dәhhani, Əhmәd Dai, Şeyxoğlu, Şeyxi, Şәyyad Hәmzә, Nәsimi kimi şairlәr onun şeirlәrinә nәzirәlәr yazmışlar. Füzuli “Leyli vә Mәcnun” әsәrindә Anadoluda mәsnәvi yazanlar arasında Şeyxi ilә birlikdә onun da adını çәkmişdir. Nizaminin eyniadlı әsәrinә nәzirә olan “İsgәndәrnamә” (1390) poemasının müәllifidir. Mәsnәvidә İsgәndәrin tarixi xarakterinә әsaslanan mәlumatlarla yanaşı, dini motivlәr dә özünü göstәrir. Nәsihәtamiz mәsnәvi din, әxlaq, fәlsәfә, coğrafiya, tibb vә siyasәtә dair mәlumatları da әhatә edir. Mәsnәvinin “Dasitani-tәvarixi-müluki-ali Osman” adlı hissәsi Osmanlı tarixi haqqında ilk mәnzum әsәrdir. Fars şairi Salman Savәcinin eyniadlı әsәrinә nәzirә olan “Cәmşid vә Xurşid” adlı ikinci böyük mәsnәvisindә Çin hökmdarının oğlu Cәmşid ilә Rum qeysәrinin qızı Xurşid arasındakı sevgidәn bәhs olunur. Tibbә dair mәnzum “Tәrvih ül-әrvah”, әrәbcә-farsca mәnzum “Mirqat ül-әdәb” lüğәtinin, әrәb dilinin sintaksisi vә fonetikasına dair farsca “Mizan ül-әdәb” vә “Meyar ül-әdәb” әsәrlәrinin müәllifidir.