ƏHMƏDOV Aydın Qafar oğlu (20.6. 1934, Şәki – 1.12.2009, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1991). 1958 ildә Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir. Türkmәnistan, Özbәkistan vә Sibirin istehsalat idarәlәrindә (1958–62) işlәmişdir. 1962–65 illәrdә Ümumittifaq Geofizika ETİ-nin aspiranturasında oxumuşdur. 1965–71 illәrdә Azәrb. SSR EA Geologiya İn-tunun baş mühәndisi, elmi işçisi, 1971–2007 illәrdә Geofizika ETİ-nin baş elmi işçisi, laboratoriya müdiri, aparıcı elmi işçisi vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları Azәrb. şәraitindә neftli-qazlı layların tәbii yatımlarında elastiki dalğaların udulma mexanizminә hәsr olunmuşdur. Seysmik tomoqrafiya prinsiplәrinә әsasında sınmış dalğalarla dinamik eninә profillәşdirmә (DEP) üsulunu işlәyib hazırlamışdır. Bu üsul ilә qeyri-antiklinal tipli 86 perspektivli obyekt, o cümlәdәn rifogen struktur aşkar edilmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, 9 ixtiranın müәllifidir.