ELEKTRÓN SAAT – vaxtı ölçmәk üçün kvars rezenatorlu elektron generatorunun hasil etdiyi dövri elektrik siqnalları ilә işlәyәn saat. E.s.-da әnәnәvi saat mexanizmi әksәr hallarda inteqral sxem şәklindә olan elektron blokla әvәz edilir. Elektron generatorun siqnalları uyğun çevrilmәdәn sonra impuls cәrәyanları halında cari vaxtı göstәrәn rәqәm indikatoruna daxil olur. E.s. stolüstü, qol, avtomobil vә s. şәkillәrdә hazırlanır. Elektron qol saatları e.h.q. 1,5 V olan miniatür qalvanik elementlәrlә işlәyir; stolüstü saatlar 127/220 V gәrginlikli dәyişәn cәrәyan şәbәkәsindәn (bәzәn dә qalvanik elementlәrdәn) enerji alır. Avtomobil vә digәr nәql. vasitәlәrindә qurulan E.s.-lar maşının akkumulyatoruna (12 V) qoşulur. Tablo şәklindә olan rәqәm indikatorlarında elektrik impuslarının tәsiri altında cari vaxtı göstәrәn rәqәmlәr işıqlanır. İşıqlanan indikatorlar kiçik közәrmә lampaları, lüminessent lampaları vә işıqsaçan diodlar әsasında düzәldilir. Qol saatlarında vә bәzi stolüstü E.s.-larında maye-kristal әsaslı tablolar (maye-kristal indikatorlar) geniş tәtbiq elilir. Bir çox E.s.-lar cari vaxtdan әlavә ayın tarixini, hәftәnin gününü vә s. dә göstәrir. Әqrәbli elektron-mexaniki saatlar daha geniş yayılmışdır.