ELEKTRÓN-İŞIQ İNDİKÁTORU – radioelektron aparatları dövrәlәrindә elektrik siqnalının sәviyyәsinin vizual tәyini (indikasiyası) üçün elektrovakuum cihazı. Dövrәyә daxil olan elektrik siqnalını güclәndirәn idarәedici qurğu (adәtәn, triod) vә işıqlanaraq müәyyәn fiqurlar yaradan lüminessent ekranlı indikator qurğusu E.-i.i.-nun bir şüşә balonunda yerlәşir; işıqlanan fiqurların ölçüsü vә vәziyyәti idarәedici qurğunun anod cәrәyanından asılıdır. E.-i.i. әsasәn, radioqәbuledicilәrdә dәqiq sazlanma (köklәnmә) üçün vә radioölçmә aparatlarında sıfır indikatoru kimi tәtbiq edilir.