enerjinin çevrilmәsi, materialların emalı, informasiyanın işlәnmәsi, ötürülmәsi vә s.-dә elektrik vә maqnit hadisәlәrinin tәtbiqi ilә bağlı olan, elәcә dә elektrik enerjisinin alınması, çevrilmәsi vә ondan insanın praktiki fәaliyyәtindә istifadә mәsәlәlәrini әhatә edәn elm vә texnika sahәsi. E.-nın meydana gәlmәsi sabit cәrәyan mәnbәlәrinin yaradıldığı (19 әsrin әvvәllәri) vә bunun ardınca elektrik vә maqnetizm sahәsindә kәşflәrin edildiyi dövrә aiddir. Elektrikin ilk praktiki tәtbiqi 1837 ildә teleqraf sahәsindә olmuşdur. E. bir elm kimi C.K. Maksvellin әsas elektrik hadisәlәrini ümumilәşdirmәsi, onları riyazi formada tәqdim etmәsi (1864), elektromaqnit şüalarının mövcudluğunun vә yayılmasının isbatından sonra formalaşmışdır. E.-nın inkişafının ilk mәrhәlәsindә yaradılan elektrik maşınları sәnaye üsulu ilә istehsalın, k.t.-nın, nәql.-ın inkişafına böyuk tәsir göstәrmiş, sonradan bir sıra sәnaye sahәlәri vә elmi-texniki istiqamәtlәrin yaradılması üçün әsas olmuşdur. Elektrik cәrәyanına kimyәvi tәsirlәrin öyrәnilmәsi qalvanotexnikanın, elektrik enerjisinin işıq enerjisinә çevrilmәsi isә işıq texnikasının yaranmasına gәtirib çıxardı. Termoelektron emissiyanın vә yarımkeçiricilәrin elektrik xassәlәrinin kәşfi elektronikanın, radionun kәşfi radiotexnikanın, elektrik siqnallarının mәftillәrlә ötürülmәsi telefon vә teleqraf rabitәsinin әsasını qoymuşdur. Elektrik enerjisinin mәsafәyә ötürülmәsi vә işlәdicilәr arasında paylaşdırılması sistemlәrinin yaradılması elektroenergetikanın, üçfazalı asinxron elektrik mühәrrikinin kәşfi isә elektrik intiqalının inkişafı üçün başlanğıc olmuşdur. Elektrik enerjisinin geniş tәtbiqi daha çox enerji işlәdilәn istehsal sahәlәrinin (alüminium, natrium, maqnezium vә s.-nin alınması) dә inkişafına tәkan verdi. Energetika, elektriklәşdirmә, rabitә, telemexanika, hesablama texnikası vә bir çox istehsal sahәlәrindә texnoloji proseslәrin avtomatlaşdırılması sabit vә dәyişәn cәrәyanlardan kompleks istifadә olunan mürәkkәb sistemlәr әsasında inkişaf etdirilir.