ELEMENTAR ELEKTRİK YÜKÜ (e) – tәbiәtdә mәlum olan әn kiçik elektrik yükü. E.e.y.-nün mövcudluğunu ilk dәfә 1874 ildә ingilis alimi C. Stoni qәti şәkildә göstәrmişdir. Onun ehtimalı M. Faradey tәrәfindәn müәyyәn edilmiş (1833– 1834) elektroliz qanunlarından çıxmışdır (bax Faradey qanunları). 1881 ildә Stoni ilk dәfә birvalentli ion yükünün qiymәtini hesablamışdır: e = F/NA, burada F – Faradey әdәdidir. 1911 ildә E.e.y.-nün qiymәti R. Millikenin ölçmәlәri ilә birbaşa tәyin edildi. e-nin hazırkı qiymәti:
e = (4,803242 ± 0,000014)·10–10 SQSE
v.= (1,6021892 ± 0,0000046)10–19Kl.
E.e.y. elektromaqnit qarşılıqlı tәsirlәrin sabitidir vә mikroskopik elektrodinamikanın bütün tәnliklәrinә daxildir. E.e.y. elektronun, protonun vә demәk olar ki, tәbiәtdә әn kiçik yük daşıyan bütün digәr maddi yükdaşıyıcıların elektrik yükünә dәqiqliklә bәrabәrdir. E.e.y. yox ola bilmәz. Bu fakt mikroskopik sәviyyәdә elektrik yükünün saxlanması qanununu göstәrir. Müsbәt vә mәnfi E.e.y. mövcuddur; elementar zәrrәcik vә antizәrrәcik әksişarәli yüklәrdir. İstәnilәn mikrosistemin vә makroskopik cisimlәrin elektrik yükü e-nin tam misillәrinә (vә ya sıfıra) bәrabәrdir. Yükün belә “kvantlanmasının” sәbәbi müәyyәn edilmәyib. Ehtimallardan biri Dirak monoqütblәrinin mövcudluğuna әsaslanır (bax Maqnit monoqütbü). 60-cı illәrdәn bәri kәsirli elektrik yüklü zәrrәciklәrin – kvarkların mövcudluğuna aid fәrziyyә geniş müzakirә olunur (bax Elementar zәrrәciklәr).