ELEMENTAR HӘNDӘSӘ – hәndәsәnin elementar riyaziyyata daxil olan hissәsi. Elementar riyaziyyat kimi, E.h.-nin dә sәrhәdlәri ciddi mәhdudlanmır. Çox vaxt deyirlәr ki, E.h. hәndәsәnin mәktәbdә tәdris olunan hissәsidir. Lakin E.h. anlayışı ancaq orta mәktәb hәndәsәsi ilә bitmir. E.h.-dә orta mәktәbdә keçilmәyәn materiallar da (mәs., sferik hәndәsә, aksiomatika vә s.) var. E.h.-dә istәnilәn analitik әyrilәrә vә sәthlәrә (bunlar artıq diferensial hәndәsәnin predmetini tәşkil edir), istәnilәn qabarıq cisimlәrә (bunlar qabarıq cisimlәr nәzәriyyәsinin predmetini tәşkil edir) baxılmır. Bununla yanaşı, müxtәlif cür qurulan vә ya konkret xassәlәri ilә tәyin olunan verilmiş hәr bir әyri, hәr bir qabarıq cisim E.h.-nin predmeti ola bilәr. Başqa sözlә, predmeti cәhәtdәn E.h. elә xarakterizә olunur ki, orada ümumiyyәtlә istәnilәn fiqura yox, müәyyәn quruluşa vә ya konkret xassәlәrә malik olan fiqurlara (mәs., ellips, silindr vә s.) baxılır. Daha dәqiq, E.h. әn sadә fiqurlar – nöqtә, parça, düz xәtt, bucaq, müstәvidәn, hәmçinin parçaların vә bucaqların bәrabәrliyinә aid әsas anlayışlardan ibarәtdir. E.h.-nin ciddi aksiomatik quruluşu zamanı “nöqtә düz xәtt üzәrindәdir” vә ya “müstәvi üzәrindәdir”, “nöqtә iki nöqtә arasında yerlәşir” anlayışları sәlis ifadә olunur. E.h.-nin predmeti: 1) sonlu sayda әn sadә fiqurlardan ibarәt fiqurlar (mәs., çoxbucaqlı sonlu sayda parçalardan; çoxüzlü sonlu sayda çoxbucaqlılardan, sonuncu da öz növbәsindә parçalardan tәşkil olunmuşdur); 2) ilkin anlayışlarla formulә edilәn xassәlәri ilә müәyyәn olunan fiqurlar (mәs., fokusları A vә B olan ellips elә X nöqtәlәrinin hәndәsi yeridir ki, AX vә BX parçalarının cәmi, verilmiş parçaya bәrabәrdir); 3) hәndәsi qurma nәticәsindә alınan fiqurlar (mәs., konus, O nöqtәsi ilә bir müstәvi üzәrindә olmayan çevrәnin bütün nöqtәlәrini O nöqtәsi ilә düz xәtlәr vasitәsilә birlәşdirdikdә alınır). E.h.-dә hәndәsi çevirmәlәr, hәndәsi qurmalar, hәndәsi kәmiyyәtlәrin ölçülmә nәzәriyyәsinin elementlәri vә riyaziyyatın başqa bölmәlәri dә öyrәnilir. E.h.-dә sahә, sәth, hәcm, çevrәnin uzunluğu, dairәnin sahәsi vә s.-nin ancaq xüsusi ölçülmә üsulları şәrh edilir. Hәndәsi kәmiyyәtlәrin ümumi vә mücәrrәd ölçülmә üsulları E.h.-yә daxil deyil.