ELFLӘR – alman-Skandinaviya mifologiyasında havada, yerdә, dağlarda, meşәlәrdә yaşayan tәbiәt ruhları. Ağ vә qara E.-ә ayrılır. Ağ E. özlәrinә xas Alfheym dünyasında yaşayır vә Freyrin mahiyyәtini tәşkil edir. Orta әsrlәr demonologiyasında ağ E. havanın, atm.-in ruhları, kiçikboylu insanabәnzәr varlıqlardır. Onlar ağaclarda mәskunlaşdıqlarına gәrә ağacları kәsmәk olmaz. E. insanlara qarşı xeyirxah olsalar da, tәhqir edildikdә sәrt vә qisasçı varlıqlara çevrilir. Onlar dәrzilik vә toxuculuq edir, ay işığında rәqs etmәyi vә oxumağı sevirdilәr. Qara E. eybәcәr, qazayaqlı tәsvir edilir, onlar yerin altında yaşayır, xәzinә toplayır vә qızıl silah düzәldirlәr. Guya mahir dәmirçilәrdir. Rәvayәtә görә, E. qüdrәtli mifik xalq olmuş, insanlar kimi yaşayıb çoxalırmışlar. İnsanlarla E. arasında nikah bağlanması haqqında da әfsanәlәr var. Orta әsrlәr demonologiyası vә әlkimyada bәzәn bütün tәbiәt ünsürlәrinin ibtidai ruhları “E.” adlandırılmışdır. Mifik tәsәvvürdә salamandralar (od ruhları), silflәr (hava ruhları), undinlәr (su ruhları),qnomlar (torpaq ruhları) bәllidir.