ƏHMƏDOV Nәriman Mehdi oğlu (20.10. 1931, Qazax r-nunun Fәrәhli k.– 8.1.2003, Bakı) – Azәrb. zootexniki. Biologiya e.d. (1971), prof. (1988). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1953). Azәrb. SSR EA-nın Zoologiya İn-tunda zootexnik, kiçik elmi işçi (1954), baş elmi işçi (1962– 72), laboratoriya vә eyni zamanda şöbә müdiri (1972–91), Gәncә Texnologiya İntunda prof. (1988 ildәn), kafedra müdiri (1991–2003) vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları Azәrb. dağ merinosu, balbas vә s. qoyunlarda әzәlә sistemi vә piy toxumalarının embrional vә postembrional dövrlәrdә inkişafına, qaramalda embrionun köçürülmәsinә (transplantasiya) hәsr edilmişdir. İlk dәfә eksperimental üsulla zәhәrli ilanların inkubasiyasını kәşf etmişdir. 156 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, 2 ixtiranın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Azәrbaycanda yetişdirilәn qoyunların әt mәhsuldarlığının ontogenezdә vә әhlilәşdirmә ilә әlaqәdar inkişafı. B., 1978.