ELİTA NӘZӘRİYYӘLӘRİ – elitanın istәnilәn tip cәmiyyәtin fәaliyyәti üçün zәruri vә hәyati әhәmiyyәtli tәrkib hissәsi olduğunu tәsdiq edәn sosial-fәlsәfi, ictimai vә siyasi konsepsiyalar. Platon, Makiavelli, T.Karleyl bu tip ideyaları ifadә etmişlәr. E.n. konkret baxışlar sistemi kimi 20 әsrdә V.Pareto vә Q.Moska (İtaliya) tәrәfindәn formulә edilmişdir. 2-ci Dünya müharibәsinә qәdәr İtaliya, Almaniya, Fransada, müharibәdәn sonra isә ABŞ-da geniş yayılmışdı. E.n-nin başlıca variantları: “makiavelli” variantı (C.Börnhem, ABŞ), “dәyәrlilik” variantı (La Valet, Fransa), struktur-funksional variant (R.Dal, S.Keller, ABŞ), “neoelitizm”dir (T.Day, X.Ziqler, ABŞ). E.n-nin әsas xüsusiyyәtlәri tarixi tәrәqqinin inkar edilmәsi (tarix müәyyәn elita tiplәrinin hakimiyyәti ilә xarakterizә olunan sosial silsilәlәrin vәhdәti kimi izah olunur); xalq hakimiyyәtinin tәnqidi; bәrabәrsizliyin sosial hәyatın әsası kimi tәsdiq olunmasıdır.
Әvvәllәr E.n. burjua demokratiyasına qarşı da açıq düşmәnçilik mövqeyindә olmuşdur. 30–40-cı illәrin sonlarında Y. Şumpeter vә K. Manheym (Almaniya) E.n- ni yenidәn işlәyib hazırlamış, onun prinsiplәrini burjua-demokratik in.-tların prinsiplәrinә uyğunlaşdırmağa çalışmışlar. Manheym tәsdiq edirdi ki, demokratiyanı fәrqlәndirәn cәhәt elitanın hakimiyyәt uğrunda rәqabәti vә “demokratik optimal elita kütlәsi”dir (“Essays on the Sosiology of Culture”, L., 1956). 60–70-ci illәrdә bu ideyalar әsasında elitaların plüralizmi nәzәriyyәsi (Dal) vә onların mövcud siyasi sistemlә “konsensus”u (razılıq) ideyası ifadә olunmuşdur (Day, Ziqler). 70–90-cı illәrdә ABŞ sosial vә siyasi elmindә elit plüralizm tәrәfdarları ilә “neoelitaristlәr” polemikalar aparmışlar. SSRİ-dә rәsmi ideologiya dövlәtlәrdә vә sosialist tipli cәmiyyәtlәrdә elitanın mövcudluğunu qәti şәkildә inkar edirdi. Әslindә isә “elita–kütlә” dixotomiyası “real” sosializmin ictimai quruluşuna Qәrb demokratiya
modellәrindәn daha çox nüfuz etmişdi.