ELQAR Eduard Uilyam (2.6.1857, Vuster yaxınlığında Brodhit – 23.2.1934, Vuster) – ingilis bәstәkarı, dirijor. İbtidai musiqi tәhsilini orqan ifaçısı olan atasından almışdır. Uşaqlıqdan bir çox musiqi alәtindә çalmışdır. 1873 ildә Vuster “Qli-klab” (xor cәmiyyәti) orkestrinin violinçalanı olmuş, burada vokal ansamblı üçün qәdim ingilis musiqisi ilә tanış olmuşdur. 1882 ildәn konsertmeysterlik, sonralar ifaçıinstrumentalçıların Vuster hәvәskarlar cәmiyyәti orkestrindә dirijorluq etmişdir. 70-ci illәrin sonu – 80-ci illәrin әvvәllәrindә çoxsaylı ingilis peşәkar vә hәvәskar musiqi cәmiyyәtlәri üçün xor musiqisi, hәmçinin kamera-instrumental әsәrlәr vә fp. miniatürlәri bәstәlәmişdir. Pianoçu (İ.S.Bax, K.F.E. Bax, L.Bethoven, F.Şopenin әsәrlәrinin ifaçısı olmuşdur) vә orqançı (1885 ildәn) kimi çıxış etmişdir. 1877 ildә Londonda A.Pollitserdәn violin dәrsi almışdır. 1882 ildә London Musiqi Akademiyasında violin vә musiqi nәzәriyyәsi fәnlәri üzrә ekstern imtahan vermişdir. 80-ci illәrdәn kompozisiyanın әsaslarını öyrәnmiş (V.A.Motsartın, Bethovenin vә b.-nın simfonik әsәrlәrini tәhlil etmişdir), Leypsiqdә Gevandhauz orkestrinin konsertlәrindә (1882) R.Şumanın, R.Vaqnerin, İ.Bramsın vә Vuster xor festivallarında A.Dvorjakın әsәrlәri ilә tanış olmuşdur. Melodikliyi, orkestlәşdirmәnin әlvanlığı ilә E.-ı heyran etmiş Dvorjak musiqisinin tәsiri onun bir çox, әsasәn dә instrumental әsәrlәrindә hiss edilir. 1889–91 vә 1904–20 illәrdә E.Londonda, 1891 ildәn Malverndә yaşamış, 1905–08 illәrdә Birminhem un-tindә dәrs demişdir. 1929 ildәn ömrünün axırınadәk Vusterdә yaşamışdır. E. ilk dәfә 1890 ildә Vusterdә keçirilәn musiqi festivalında ifa olunan “Fruassar” konsert uvertürası ilә diqqәti cәlb etmişdir. Vuster (1893), Stafford (1896) vә Lidsdәki (1898) musiqi festivallarında E.-ın “Qara cәngavәr”, “Kral Ulaf haqqında saqa”, “Karaktakus” kantatalarını dinlәyәn Ç.Perri, F.Kouen, A.Makenzi vә Q.Fore onun yüksәk bәstәkarlıq mәharәtini qeyd etmişlәr. Artıq bu әsәrlәrdә E.-ın yaradıcılığına xas olan orkestrlәşdirmә әlvanlığı, leytmotivlәr sistemindәn mәharәtlә istifadә özünü göstәrmişdir.
E.-ın 90-cı illәrdә yazdığı әsәrlәrindә R.Vaqner (onun operalarını 1892 vә 1893 illәrdә Bonnda, Bayröytdә vә Münxendә dinlәmişdir) yaradıcılığının tәsiri aşkar görünmәkdәdir. Әsrlәrin ayrıcında E. әn mәşhur ingilis bәstәkarı oldu. “Orijinal mövzuda variasiyalar” orkestr әsәri (sonralar “Eniqma variasiyalar” adı ilә mәşhurlaşdı; lat. “Eniqma” – “Tapmaca”; ilk ifası 1899 ildә H. Rixterin rәhbәrliyi ilә) vә xüsusilә “Gerontiusun yuxuları” monumental oratoriyası (ilk ifası Rixterin rәhbәrliyi ilә 1900 ildә) ona populyarlıq gәtirdi. Bu әsәr Düsseldorfda Aşağı Reyn musiqi festivalında 1901 ildә ifa olunduqdan sonra (Y.Butsun rәhbәrliyi ilә) hamı tәrәfindәn qәbul edildi. Oratoriyada E. qәdim ingilis xor musiqisi әnәnәlәrinә vә milli musiqi folkloruna müraciәt etmişdir; bu meyil ingilis musiqi intibahı adlanan ictimai hәrәkatın әsasını qoydu. E. musiqi tarixinә aparıcı nümayәndәlәrdәn biri kimi (A.Ç.Perri vә Ç.Stanfordla yanaşı) daxil olmuşdur. E.-ın әsәrlәri Qәrbi Avropanın, ABŞ-ın әn böyük musiqi mәrkәzlәrindә, hәmçinin S.-Peterburqda çalınmışdır. E. dirijor kimi (müxtәlif orkestrlәrlә özünün vә b. bәstәkarların әsәrlәrini ifa etmişdir) İtaliya, Fransa vә Amerika ölkәlәrindә çıxış etmişdir. 1900–20-ci illәrdә (E. yaradıcılığının әn mәhsuldar dövrü) onun әn böyük vokal-simfonik vә orkestr әsәrlәri, o cümlәdәn 1-ci simfoniyası (hәmçinin ingilis musiqi tarixindә ilk simfoniya; 1908 ildә 90 dәfәdәn artıq ifa olunmuşdur) yaranmışdır. E.-ın instrumental әsәrlәri görkәmli musiqiçilәrin repertuarına daxil olmuşdur (violin ilә orkestr üçün konsertin ilk ifaçı-solisti 1910 ildә F. Kreysler olmuşdur; gәnc İ.Menuhemin vә E.-ın rәhbәrliyi ilә orkestrin ifasında bu konsertin qrammofon yazısı var).
E. ingilis musiqi romantizminin әn parlaq nümayәndәsidir; İ. Bramsın, R. Şumanın, A. Dvorjakın, R. Vaqnerin vә R. Şt- rausun bilavasitә tәsirindәn qurtularaq, o, özünün orijinal, 17 әsr ingilis xor polifoniyası әnәnәlәrinә vә milli musiqi folkloruna әsaslanan yüksәk milli üslubunu yaratmışdır. E. orkestrlәşmә texnikasının virtuoz bilicisi idi. Bәstәkar zәngin melodiya yaratmaq qabiliyyәtinә malik idi: onun melodiyalarında ingilis xalq havalarının intonasiyası duyulur. İ.S.Baxın orkestr üçün klavir әsәrlәri vә F.Şopenin fp. әsәrlәri, Q.F.Gendel vә b.-nın müxtәlif әsәrlәri E. tәrәfindәn böyük zövqlә transkripsiya edilmişdir. 1938 ildә Brodhitdә, onun yaşadığı mәnzildә ev-muzeyi açılmışdır.