ELLADA MӘDӘNİYYӘTİ – Orta Yunanıstan vә Peloponnesdә Tunc dövrünә (e.ә. 3–2-ci minilliklәr) aid arxeolojimәdәniyyәt. Minoy mәdәniyyәti, Kiklad mәdәniyyәti vә s. ilә yanaşı, Egey mәdәniyyәtinә daxildir. Erkәn (e.ә. 3000– 2000), orta (e.ә. 2000–1580) vә son (e.ә. 1580–1200) (yaxud Erkәn Ellada, Orta Ellada – miniy vә Son Ellada – Mikena) dövrlәrә, hәr dövr isә öz növbәsindә 3 mәrhәlәyә (I–III) bölünür. Erkәn Ellada dövründә çiy kәrpicdәn (bünövrәsi daşdan) hörülmüş bir-iki mәrtәbәli evlәri vә dar küçәlәri olan möhkәmlәndirilmәmiş şәhәrlәr mövcud idi. Tuncdan әşyalar (bıçaqlar, baltalar, xәncәrlәr) nisbәtәn azdır; hәndәsi naxışlı möhürlәr; yüksәk keyfiyyәtli, qırmızı vә qara çalarlı müxtәlif formalı (amforalar, pifoslar), daha sonralar – parıltılı naxışlı qablar sәciyyәvidir. II mәrhәlәnin sonunda bәzi mәskәnlәr yeni әhalinin – miniylәrin gәlmәsi ilә әlaqәlәndirilәn yanğın nәticәsindә mәhv olmuşlar. Orta Ellada dövrünә, әsasәn, tәpә üzәrindә möhkәmlәndirilmiş vә sәrbәst planlı mәskәnlәr xasdır; onlar üçün döşәmә altında, yaxud divarları yanında qәbirlәr olan 2–3 otaqlı, düzbucaq planlı evlәr vә mәzarlıqlar (kurqanlar, sistalar, quyu vә pifoslarda dәfn) sәciyyәvidir. Silahlar vә әmәk alәtlәri tuncdan, dәlikli baltalar, toppuzlar vә ox ucluqları daşdan düzәldilirdi. Keramikanın bir hissәsi (kasa vә qәdәhlәr) dulus çarxında hazırlanırdı; II mәrhәlәdә hәndәsi naxışlar meydana gәldi. Orta Ellada dövrünün sonunda (tәqr. e.ә. 1600) buraya Yunanıstanda ilk Mikena dövlәtlәrini yaradan (halbuki ümumilikdә Mikena mәdәniyyәti Orta Ellada dövrü mәdәniyyәti әsasında formalaşmışdır), qoşunları döyüş arabaları ilә tәchiz olunmuş yeni tayfalar gәldilәr.