ELLAK (tәqr. 425–455) – Avropa hunlarının hökmdarı [tәqr. 453–455]. Attilanın böyük oğlu vә varisi. E.-ın hәyatından bәhs edәn әsas tarixi mәnbәlәr Panili Prisk vә İordanın әsәrlәridir. Onun haqqında ilk mәlumat 448 ilә aiddir. Bu mәlumata görә hunlar akasirlәr tayfasını tabe etdikdәn sonra E. atası tәrәfindәn bu xalqın bir hissәsini idarә etmәk üçün başçı tәyin edilmişdi. Lakin 449 ildә E. namәlum sәbәbdәn atasının sarayına qayıdır.
453 ildә qәfildәn vәfat etmiş Attilanın ölümünә qәdәr E.-ın hәyatı barәdә mәlumat yoxdur. Atasının ölümündan sonra E. Hun imperiyasının hökmdarı oldu. Lakin az sonra E.-ın kiçik qardaşları onlara şәxsi mülklәr ayrılmasını tәlәb etdilәr. Ailә münaqişәsi nәticәsindә qardaşlar atalarının zәbt etdiklәri mülklәri püşk atmaqla bö- lüşdürmәyi qәrara aldılar. Bu qәrar Attilaya tabe olan başçılar arasında narazılıq doğuraraq hunlardan asılı bir çox tayfaların ayrılmasına gәtirib çıxardı. Üsyana Attilanın әn yaxın silahdaşlarından sayılan gepidlәr kralı Ardarix rәhbәrlik edirdi. Tәrәflәr Nedao çayı yaxınlığında tәqr. 454 ildә baş vermiş döyüşdә qarşı-qarşıya gәldilәr. E.-ın rәhbәrlik etdiyi hunlara qarşı Ardarixin başçısı olduğu gepidlәr, skirlәr, ruqlar, svevlәr vә gerullardan ibarәt böyük bir qoşun döyüşürdü. E.-ın şәxsi şücaәtinә baxmayaraq hunlar vә onların müttәfiqlәri İordanın mәlumatına görә 30000 nәfәr әsgәr itirәrәk darmadağın oldular. Ölәnlәrin arasında E. da var idi.
Nedao yaxınlığındakı mәğlubiyyәtdәn sonra E.-ın qardaşları Dengizik vә Ernakın rәhbәrliyi altında hunlar Dunayın aşağı axarındakı vә Qara dәniz yanı düzlәrdәki әrazilәri әlә keçirәrәk şәrqә çәkildilәr. Dengizik hunların hökmdarı tituluna nail oldu, Ernak isә hun mülklәrinin şәrq hissәsini idarә etmәklә kifayәtlәndi.