“ELM VӘ HӘYAT” – aylıq elmi-kütlәvi jurnal. 1961 ildә “Bilik” Cәmiyyәtinin mәtbuat orqanı kimi fәaliyyәtә başlamış, 1992 ildәn AMEA-nın Rәyasәt Heyәtinin, Arxeologiya vә Etnoqrafiya İn-tunun (1995) vә “E. vә h.” jurnalının redaksiya kollektivinin tәsisçiliyi ilә ildә iki dәfә nәşr olunmuşdur. Bakıda Azәrb. dilindә nәşr edilәn jurnalın ilk redaktoru C. Şirinov, fәxri baş redaktoru akad. A. Qarayev idi. H. Zәrdabi tәrәfindәn yaradılan milli mәtbuatın maarifçilik әnәnәlәrini davam etdirәn “E. vә h.” nәşrә başladığı vaxtdan elmi biliklәrin tәbliğindә böyük rol oynamışdır. “E. vә h.” Azәrb. mәtbuatında elmi kәşflәri, ixtiraları, elmi yeniliklәri tәblig edәn yeganә kütlәvi jurnal olmuşdur. Burada elm vә texnikanın mühüm problemlәri, fizika, kimya, kibernetika, astronomiya vә s. sahәlәrdәki yeniliklәrlә yanaşı, tarix, arxeologiya, etnoqrafiya, xalq tәbabәti, musiqi, әdәbiyyat vә s.-dәn bәhs edәn materiallar dәrc edilmişdir. “E. vә h.” jurnalında akad. A.Qarayev, H.Әliyev, H.Abdullayev, Z.Bünyadov, L.İmanov vә b. mәqalәlәrlә çıxış etmişlәr. “E. vә h.” jurnalında indiyәdәk 5 min Azәrb. aliminin mәqalәsi dәrc olunmuşdur. Adı beynәlxalq mәtbuat kataloquna düşәn “E. vә h.” peşәkarlığını qoruyub saxladığına görә 1998 ildә Meksikada baş mükafata layiq görülmüşdur. 2013 ildә 1-ci nömrәsi işıq üzü görsә dә, sonradan nәşri dayandırılmışdır.