ELMİ ATEİZM – dini görüşlәri tәkzib edәn elmi materialist baxışların ardıcıl vә bütöv sistemi; ateizmin tarixi inkişafının әn yüksәk forması. “E.a.” anlayışı 19 әsrin әvvәllәrindә meydana gәlmiş, elmi biliklәrin diferensiasiyası nәticәsindә müstәqil fәlsәfi sahәyә çevrilmişdir. Termin 20 әsrin ortalarından keçmiş SSRİ-dә xüsusilә geniş yayılmışdı.
E.a.-in elmi-nәzәri әsası dialektik vә tarixi materializmdir. E.a.-in predmetini dinin sosial-iqtisadi, sinfi-tarixi vә qnoseoloji-psixoloji köklәrinin, onun mәnşәyi vә mahiyyәtinin, aradan qaldırılması yollarının, ateizmin tәşәkkülü vә inkişafı tarixinin, eyni zamanda elmi materialist dünyagörüşün qanunauyğunluqlarının öyrәnilmәsi tәşkil edir. 20 әsrin әvvәlindәn Qәrbdә başlanan “Yeni ateizm” hәrәkatı (K.R. Dokinz, D.K. Dennet, S. Harris, K.E. Hitçens vә b.), elәcә dә digәr ateist cәrәyanlar hәm ateistlәrin özlәri, hәm dә tәnqidçilәr tәrәfindәn çox vaxt E.a. kimi xarakterizә olunur.