ELMİ-KÜTLӘVİ KİNO – elmi kino növlәrindәn biri. Geniş tamaşaçı kütlәsi üçün nәzәrdә tutulur. Müxtәlif növ vә janrlarda yaradılır. E.-k.k. tәbiyyat vә humanitar elmlәrin әsaslarını geniş kütlәlәrin başa düşәcәyi tәrzdә şәrh edir, onlara elmi dünyagörüşü aşılayır, elm vә texnikanın nailiyyәtlәri, alimlәrin hәyat vә yaradıcılığı, elmi axtarışlar vә kәşflәr haqqında mәlumat verir. Elmi kinonun üç tipi var: elmi-kütlәvi, elmi-publisistik vә elmi-bәdii. Bunlardan elmi-kütlәvi filmlәr daha geniş yayılmışdır. Belә filmlәr ilk dәfә 1897 ildә Fransa vә Almaniyada, 1911 ildә isә Rusiyada A.A. Xanjonkovun kinofabrikindә lentә alınmışdır. 20-ci illәrdә bir çox kinostudiyalarda elm, texnika, mәdәniyyәt vә incәsәnәt mәsәlәlәrinә dair elmi-kütlәvi filmlәr çәkilirdi. İkinci dünya müharibәsindәn sonrakı illәr (1946–50) E.-k.k.-nun fәal inkişaf dövrü olmuşdur. 50-ci illәrdә kinooçerk vә kinopovestlәrin istehsalına başlanılmış, elmi-bәdii filmlәrin ekranlaşdırılmasına meyil artmışdı. 60–70 illәrdә elmi-texniki inkişafla bağlı olan problemlәr (elmin inkişaf yolları, elmi yaradıcılığın spesifikası, inteqrasiya, müxtәlif elmlәrin qarşılıqlı surәtdә bir-birinә nüfuz etmәsi, elmin cәmiyyәtdә yeni mәhsuldar qüvvә kimi rolu vә s. haqqında) elmi-kütlәvi filmlәrdә әksini tapırdı. Azәrb.-da elmi-kütlәvi filmlәrin çәkilişinә 20 әsrin 20-ci illәrindәn başlanmışdır. Resp.-da bir sıra uğurlu elmi-kütlәvi filmlәr – “Atәşpәrәstlәr mәbәdi” (1925, saxlanılmayıb), “Elektrometriya vasitәsilә axtarış” (1936, saxlanılmayıb), “Azıx mağaraları” (1968, rej. M. Bağırov), “Daş saat” (1975, rej. N. Bәkirzadә), “Saatlı eksperimenti” (1983, rej. M. Rzayev), “Azәrbaycan kauçuku” (1983, rej. R. Nağıyev), “Torpaq – kosmos – qar- şılıqlı әlaqә” (1984, rej. R. Şahmalıyev), “Bakı eyvanları” (1986, rej. Z. Mәhәrrәmov) vә s. istehsal edilmişdir.