ELMİ TӘDQİQAT KİNOSU – elmi kino növlәrindәn biri. E.t.k.-nun çәkilişindә mәqsәd öyrәnilәn obyekt, hadisә vә proseslәri (coğrafi vә etnoqrafik ekspedisiyaların, cәrrahiyyә әmәliyyatlarının, yeni texnika vә texnologiyaların vә s. çәkilişi) insanın bilavasitә müşahidә zamanı qavraya bildiyi şәkildә ekranda әks etdirmәkdir. Belә filmlәrin çәkilişindә müxtәlif texniki vasitә vә üsullardan istifadә yolu ilә, gözlә görünmәyәn obyekt, hadisә vә proseslәri canlandırmaq mümkün olur. Görünmәyәn obyektlәr (mәs., kimyәvi, bioloji proseslәr) çox kiçik vә adi gözlә görünmәz olduğu üçün optik, yaxud elektron mikroskop vasitәsilә çәkilir. Çox uzaq mәsafәdә yerlәşәn әşyaların vә ya baş verәn hadisәlәrin çәkilişindә isә uzunfokuslu obyektivlәrdәn (teleobyektivdәn) istifadә olunur. Astronomik müşahidә cihazlarının kömәyi ilә aparılan astrokinoçәkiliş (Ayın, Marsın, digәr planetlәrin vә ulduzlu sәmanın) üsulu da buna oxşardır. Azkontrastlı, görünmәyәn obyektlәrin kino tәdqiqindә xüsusi optik vә elektron-optik metodlar tәtbiq edilir. Spektrin görünmәyәn şüalarında (mәs., ultrabәnövşәyi vә infraqırmızı) aparılan tәdqiqatlar isә hәmin şüalara hәssas olan xüsusi kinoplyonkalarla çәkilir. İti vә ya yavaş sürәtli hadisә vә proseslәrin (mәs., güllәnin atılması, bitkilәrin böyümәsi vә s.) müşahidәsi çәtin olduğundan yüksәksürәtli vә yavaşıdılmış kinoçәkmә üsulları yaradılmışdır. E.t. k.-nda digәr üsullardan (mәs., rentgen şüaları ilә aparılan çәkilişlәrdәn, hәm dә stereoskopik, orqanizmdaxili vә holoqrafiya çәkilişlәrindәn) istifadә olunur. Müasir texniki vasitәlәr vә kinofotomateriallar işıqlandırma dәrәcәsi ilә fәrqlәnәn müxtәlif miqyaslı obyektlәri çәkmәyә imkan verir. E.t.k.-ndan elmi-tәdqiqat, elәcә dә tәdris prosesindә geniş istifadә olunur. Müasir film istehsalçıları video (şәbәkә videosu), kompüter, rәqәmsal texnikadan yararlansalar da, nәticәdә әldә olunmuş material prokata “format” şәklindә tәqdim olunur.