ƏXTƏL (), Əbu Malik Qiyas ibn Qaus әt-Tәğlibi (tәqr. 640, Suriya, Hira, yaxud Ruşafa, – tәqr. 710/11, Kufә) – әrәb şairi. Xristian Tәğlib qәbilәsinә mәnsub olmuşdur. Kәskin hәcvlәrinә görә müsәlman şair Kәәb ibn Cüeylin ona “sәn boşboğaz vә sәfehin birisәn” demәsindәn sonra “әxtәl” (sәfeh) lәqәbi ilә tanınmışdır. Ə. dövrün tanınmış adamlarına, o cümlәdәn xәlifә Müaviyәyә, Yezidә, Hәccac vә Ziyada mәdhiyyәlәr qәlәmә almışdır. Himayәsindә olduğu Yezidin istәyi ilә әhli-beyti vә әnsarı tәnqid edәn şeirlәr yazmışdır. Mәdinә әhlini hәcv etdiyinә görә müsәlmanlar tәrәfindәn lәnәtlәnәn Ə. xәlifә Əbdülmәlik dövründә Dәmәşqdә Əmәvilәr sarayının rәsmi şairi olmuş vә xeyli rәğbәt qazanmışdı. Ə.-in Əmәvilәr dövrünün mәşhur şairlәrindәn olan Cәrir ibn Ətiyyә ilә qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisәlәrdә Fәrәzdәq Ə.-in tәrәfini tutmuşdur). Ə. fәxriyyәlәr yazmış, lakin bu janra forma vә dil baxımından yenilik gәtirә bilmәmişdir. Xәmriyyәlәri (şәrabı tәrәnnüm edәn şeirlәr) mәşhurdur. Ə.-in şeirlәri yaşadığı dövrün hadisәlәrini, siyasi çәkişmәlәri әks etdirdiyi üçün tarixi dәyәrә malikdir. Əbu Sәid әs-Sükkәrinin tәrtib etdiyi divanı ilk dәfә 1891 ildә, Əbu Tәmmam tәrәfindәn “Nәqaizu Cәrir vәl-Əxtәl” adı ilә toplanmış Cәrir ilә olan atmacaları Salxani tәrәfindәn 1922 ildә Beyrutda nәşr edilmişdir.