ƏJDAHA – bir çox dünya xalqının, o cümlәdәn Azәrb. xalqının mifologiyasında zoomorf obraz; ağzından od püskürәn qanadlı, bәzәn çoxbaşlı (3, 7, hәtta 40) fantastik varlıq. Çin, Koreya, Cәnub-Şәrqi Asiya ölkәlәrindә vә Yaponiyada Ə. su tanrısı, әkinçilik hamisi, sonralar hakimiyyәt rәmzi sayılırdı. Qәdim Misir mifologiyasında Ə. Günәş allahı Ra tәrәfindәn mәğlub edilәn qaranlıq qüvvәlәrinin tәcәssümü idi. Xristian әfsanәlәrindә Ə. şәr, bәdxah ruhun obrazıdır.
Kiçik vә Orta Asiya, Qazaxıstan, Şimali Qafqaz, Volqaboyu vә Qәrbi Sibirdә yaşayan türk xalqlarının, elәcә dә Azәrb. xalqının folklorunda, hәmçinin İran mifologiyasında Ə. iblis sayılır, yağışsız qara bulud, quraqlıq, qaranlıq, qış, ölüm rәmzi, yağış tanrısı, yazın hakimi vә s. kimi tәsvir olunur. Ə. haqqında әn çox yayılmış mifdә (müxtәlif variantları mövcuddur) o, şәhәr, yaxud ölkә üçün viranedici tәhlükә kimi çıxış edir. Sakinlәri xilas etmәk üçün ona müntәzәm olaraq bir qız qurban verilir. Qәhrәman növbәti qurbanı (adәtәn, şahın vә ya xanın qızını) xilas edәrәk Ə.-ya qalib gәlir. Bir sıra miflәrdә vә nağıllarda Ə. Simurq (vә ya Qaraquş) quşunun balalarını yeyir. Özbәk, türkmәn, qazax nağıllarının bәzilәrindә Ə. yeraltı mağarada gizlәdilmiş dәfinәni qoruyur.