ELMİ-TEXNİKİ TӘRӘQQİ – elmin nailiyyәtlәrindәn istifadә etmәklә istehsalın texniki sәviyyәsinin yüksәldilmәsi. E.-t.t. 16–18 әsrlәrdә, elmi-nәzәri vә texniki fәaliyyәtin bir-birinә yaxınlaşmağa başladığı dövrdә yaranmışdır. 16 әsrdә ticarәt, gәmiçilik vә iri manufakturalara olan ehtiyac bir sıra mәsәlәlәrin nәzәri vә tәcrübi hәllini tәlәb edirdi. Bu dövrdә elm İntibah ideyalarının tәsiri altında sxolastik әnәnә ilә tәdricәn әlaqәsini kәsir vә tәcrübәyә müraciәt etmәyә başlayırdı. Üç böyük kәşf: kompas, barıt vә xüsusilә kitab çapı elmi vә texniki fәaliyyәtin möhkәm ittifaqının әsasını qoydu. 18 әsrin axırında maşınlı istehsalın meydana gәlmәsi – bundan bir qәdәr әvvәl yaşamış riyaziyyatçı, mexanik, fizik, ixtiraçı, mahir sәnәtkarlardan ibarәt böyük bir ordunun elmi-texniki yaradıcılığının nәticәsi idi. C. Uattın kәşf etdiyi buxar maşını tәkcә texniki konstruktor fәaliyyәtinin mәhsulu olmayıb, hәm dә “elmin mәhsulu” idi. Maşınlı istehsal, öz növbәsindә, elmin әmәli tәtbiqi üçün yeni, qeyri-mәhdud imkanlar açırdı. Bütün bunlar E.-t.t.-nin yeni, ikinci mәrhәlәyә keçidi demәk idi; bu mәrhәlә elm vә texnikanın bir-birinin inkişafını yüksәk sürәtlә vә qarşılıqlı surәtdә stimullaşdırması ilә xarakterizә olunur. E.-t.t.-nin sonrakı inkişafı elmi-texniki inqilabla bağlıdır.
E.-t.t. üçün bu әlamәtlәr sәciyyәvidir: avtomatik rejimdә işlәyәn yeni maşın vә maşın sistemlәrinin hazırlanması vә geniş istifadәsi; keyfiyyәtcә yeni istehsal texnologiyalarının yaradılması vә inkişafı; yeni enerji növlәri vә mәnbәlәrinin aşkarlanması vә istifadәsi; әvvәlcәdәn tәyin edilmiş xüsusiyyәtli yeni material növlәrinin yaradılması vә geniş tәtbiqi; rәqәmli proqram idarәli dәzgahlar, avtomatik xәtlәr, sәnaye robotları, çevik istehsal sistemlәrinin istifadәsi bazasında istehsal proseslәrinin avtomatlaşdırılmasının geniş inkişafı; әmәyin vә istehsalın yeni formalarının tәtbiqi.
Elektriklәşdirmә, istehsalın kompleks mexaniklәşdirilmәsi, avtomatlaşdırılması vә istehsalın kimyalaşdırılması E.-t.t.-nin әsas istiqamәtlәridir. Elektriklәşdirmә elektrik enerjisinin ictimai istehsalda vә mәişәtdә geniş tәtbiqi prosesidir. O, istehsalın mexaniklәşdirilmәsi, avtomatlaşdırılması, hәmçinin kimyalaşdırılması üçün әsasdır. İstehsalın kompleks mexaniklәşdirilmәsi vә avtomatlaşdırılması onun hәr bir sahәsindә әl әmәyinin maşın, aparat, cihazlar sistemi ilә әvәz olunması prosesidir. Bu proses aşağı formadan daha yüksәk formalara, yәni әl әmәyindәn qismәn vә kompleks mexaniklәşdirmәyә, elәcә dә mexaniklәşdirmәnin әn yüksәk forması olan avtomatlaşdırmaya keçidlә müşayiәt olunur. Sәnayenin kimyalaşdırılması kimyәvi materialların istehsalı vә tәtbiqi prosesi, hәmçinin kimyәvi üsulların vә proseslәrin texnologiyaya tәtbiqidir.
E.-t.t.-nin iqtisadi (әmtәә istehsalının vә xidmәtlәrin hәcminin artması, әmәk, material vә enerji sәrfiyyatının azalması vә s.), sosial (yeni ixtisaslaşdırılmış iş yerlәrinin yaradılması, asudә vaxtın artması vә onun daha sәmәrәli istifadәsi, ağır, ziyanlı vә xoşagәlmәz әmәyin tәtbiq olunduğu sahәlәrin ixtisarı, hәyat keyfiyyәtinin vә şәraitinin yaxşılaşdırılması), ekoloji (yenidәn yaranan tәbii ehtiyatların qorunması, әtraf mühitә atılan tullantıların azaldılması, tәbii vә texnogen fәlakәtlәrin qarşısının alınması), informasiya (elmi biliklәrin hәcminin artması vә onların cәmiyyәtdә yayılması) nәticәlәri ola bilәr.
Bir proses kimi E.-t.t. bu mәrhәlәlәri tәklif edir: 1) fundamental tәdqiqatlar (amillәrin vә hadisәlәrin öyrәnilmәsi vә sistemlәşdirilmәsi; tәbii, texniki, cәmiyyәt sistemlәrinin fәaliyyәti vә inkişaf qanunauyğunluqlarının aşkar edilmәsi); 2) axtarış tәdqiqatları vә innovasiya marketinqi (imkanların vә tәdqiqat nәticәlәrinin praktiki tәtbiqi perspektivlәrinin analizi); 3) tәtbiqi tәdqiqatlar (fundamental tәdqiqatların nәticәlәrinin texniki imkanlarının, sosial-iqtisadi mәqsәdәuyğunluğunun vә praktiki istifadә üsullarının әsaslandırılması); 4) konstruktor, texnoloji, layihә vә tәşkilati işlәr (tәdqiqat işlәri nәticәlәrinin mәnimsәnilmәsi üçün vacib olan texniki-iqtisadi sәnәdlәşmәnin, sınaq nümunәlәrinin yaradılması vә tәcrübi yoxlanılması); 5) tәdqiqat işlәrinin texniki vә iqtisadi mәnimsәnilmәsi (istehsal güclәrinin yaradılması vә mәnimsәnilmәsi, rәqabәtәdavamlı xidmәtlәrin vә әmtәә istehsalının tәşkili); 6) E.-t.t.-nin nәticәsindә yaradılmış intellektual mülkiyyәtin rәsmilәşdirilmәsi, mühafizәsi vә yayılması.
E.-t.t.-nin müasir dövrdәki әsas isti- qamәtlәri bunlardır: istehsal vә mәişәtin kompleks avtomatlaşdırılması vә robotlaşdırılması; yeni biliklәrin toplanması, emalı, ötürülmәsi vә saxlanılması mәqsәdilә qlobal informasiya şәbәkәlәri vә kompüter qurğuları bazasında informasiyalaşdırma; istehsal, tikinti, tibbi vә s. sahәlәr üçün yeni sintetik materialların hazırlanması; yeni, o cümlәdәn bәrpaolunan vә qeyri-karbohidrogen enerji mәnbәlәrinin mәnimsәnilmәsi, onların çevrilmәsi vә nәqli; tullantısız vә ekoloji texnologiyaların inkişafı.
20 әsrin sonlarında innovasiya iqtisadiyyatına keçid internetin, kompüterlәrin, mobil rabitәnin yaranması ilә bağlıdır. 21 әsrdәki yeni texnoloji quruluş әmәk alәtlәrinin atom-molekulyar vә gen-hüceyrә strukturunu dәyişәn nanotexnologiya, biotexnologiya, fiziki-kimyәvi vә informasiya texnologiyalarının inkişafı ilә bağlıdır.
E.-t.t.-nin miqdar ölçüsünün әsaslandığı kateqoriyalar: 1) elmi potensial – E.-t.t.-nin kadr, maddi-texniki, maliyyә, informasiya vә tәşkilati ehtiyatlarının mәcmusu; 2) elmi-texniki potensial – rәqabәtәdavamlı istehsalat üçün hazırlanmış elmi-texniki işlәnmәlәrin mәcmusu; 3) istehsalın elmi-texniki sәviyyәsi – mәhsulun vә istehsalın maddi-texniki bazasının tәkmillik dәrәcәsi vә rәqabәtәdavamlılığı; 4) istehsalın texniki-iqtisadi sәviyyәsi – yüksәk dünya nailiyyәtlәri ilә müqayisәdә әmәk mәhsuldarlığı, mәhsulun maya dәyәri, keyfiyyәti vә investisiyaların ödәnilmәsi.