ELMLӘRİN TӘSNİFATI – müәyyәn prinsiplәr әsasında elmlәrin qarşılıqlı әlaqәsinin aşkarlanması vә bu әlaqәnin elmlәrin mәntiqi әsaslandırılmış düzülüşü (yaxud sırası) şәklindә ifadә olunması.
E.t.-nın prinsiplәri. Elmlәrin әlaqәsi onların predmetlәri vә predmetlәrin müxtәlif tәrәflәri arasındakı obyektiv münasibәtlәr, elmlәrin predmetlәrinin idrak metodları vә şәrtlәri, elmi biliklәrin intişar tapdığı vә xidmәt etdiyi mәqsәdlәrlә müәyyәnlәşir. Q n o s e o l o j i baxımdan E.t.-nın prinsiplәri obyektiv (elmlәrin әlaqәsi tәdqiqat obyektlәrinin öz aralarındakı әlaqә ilә müәyyәnlәşir) vә subyektiv (E.t.-nın әsasını subyektin xüsusiyyәtlәri tәşkil edir) olaraq bölünür. M e t o d o l o j i nöqteyi-nәzәrdәn E.t. prinsiplәri elmlәr arasındakı әlaqәnin necә başa düşülmәsinә uyğun olaraq bölünür; xarici әlaqәdә elmlәr müәyyәn qayda ilә sadәcә bir-birinin yanına düzülürsә, daxili әlaqәdә onlar zәruri olaraq biri digәrindәn doğur vә inkişaf edir. Birinci tәsnifat k o o r d i n a s i y a prinsipinә әsaslanır vә onun sxemi A│B│C vә s.-dir; ikinci tәsnifat s u b o r d i n a s i y a prinsipinә әsaslanır vә onun sxemi A… B… C… vә s.-dir (burada hәrflәr ayrı-ayrı elmlәri, şaquli xәtlәr elmlәr arasındakı fәrqlәri, üç nöqtә isә onlar arasındakı qarşılıqlı keçidlәri bildirir). M ә n t i q i baxımdan E.t.-nın әsası kimi elmlәrin әsas sırasının başlanğıc vә yekun nöqtәsini sәciyyәlәndirәn ümumi elmi әlaqәlәrin müxtәlif tәrәflәri götürülür. Burada elmlәrin sıralanmasında iki prinsip var: ümumidәn xüsusiyә (ümumiliyin azalması üzrә) vә abstraktdan konkretә (konkretliyin artması üzrә). Subordinasiya prinsipinә uyğun olaraq, elmlәr sadәdәn mürәkkәbә, ibtidaidәn aliyә inkişaf qaydası ilә yerlәşirlәr. Burada әsas diqqәt elmlәrin qarşılıqlı tәmas vә qarşılıqlı nüfuzetmә nöqtәlәrinә yönәldilir. Müvafiq prinsiplәr yarandıqca, elmlәrin ümumi әlaqәsinin müxtәlif tәrәflәrinin müәyyәnlәşdirilmәsinin digәr aspektlәri dә (mәs., empirik tәsvirdәn nәzәri izaha, nәzәriyyәdәn tәcrübәyә vә s.) üzә çıxa bilәr.
Mәzmunlu tәsnifat elmlәr arasındakı әlaqәni aşağıdakıların ifadәsi, yaxud nәticәsi kimi nәzәrdәn keçirir: 1) idrakın ümumi qanundan onun xüsusi tәzahürlәrinә, yaxud ümumi inkişaf qanunlarından tәbiәtin vә cәmiyyәtin xüsusi qanunlarına doğru hәrәkәti (E.t.-nın ümumidәn xüsusiyә ardıcıl keçidә әsaslanan prinsipi); 2) idrakın predmetin bir tәrәfindәn onun bütün tәrәflәrinin mәcmusuna keçidi (abstraktdan konkretә keçid prinsipi); 3) obyektin sadәdәn mürәkkәbә, ibtidaidәn aliyә hәrәkәtinin tәfәkkürdә әks olunması (inkişaf prinsipi). Sonuncusu idrakın hәm ümumidәn xüsusiyә, hәm dә abstraktdan konkretә hәrәkәt vә inkişafını ehtiva edir.
E.t.-nın tarixi. E.t.-nın bütün tarixi әrzindә başlıca mәsәlә fәlsәfә ilә ayrı-ayrı elmlәr arasındakı qarşılıqlı münasibәtlәr olmuşdur. Qәdim dövrün vә qismәn orta әsrlәrin bölünmәyә mәruz qalmamış fәlsәfi elmlәrinә, 15–18 әsrlәrdә elmlәrin diferensiasiyasına (biliklәrin ayrı-ayrı sahәlәrә analitik bölünmәsi) vә onların 19 әsrdәn başlamış inteqrasiyasına (elmlәrin vahid bilik sistemi kimi sintetik bәrpası, birlәşmәsi) müvafiq olaraq bu tarixi 3 әsas mәrhәlәyә bölmәk olar.
B i r i n c i m ә r h ә l ә d ә biliklәrin tәsnifatı ideyası Qәdim Şәrq ölkәlәrindә elmi biliklәrin ilk rüşeymlәri ilә birlikdә yaranmışdı. Antik mütәfәkkirlәrdә E.t.-nın bütün sonrakı prinsiplәrinin, o cümlәdәn bütün biliyin (obyektinә görә) 3 әsas sahәyә – tәbiәtә (fizika), cәmiyyәtә (etika) vә tәfәkkürә (mәntiq) bölünmәsinin ilkin rüşeymlәri artıq mövcud idi. Aristotel nәzәri, praktik vә yaradıcı tәfәkkürü fәrqlәndirir, ilahiyyat, riyaziyyat vә tәbiyyatı nәzәri, әxlaq vә iqtisadiyyatı praktik, şairlik vә natiqliyi isә yaradıcı tәfәkkürә aid edirdi.
İ k i n c i m ә r h ә l ә d ә fәlsәfә bir sıra xüsusi elmlәrә (riyaziyyat, mexanika vә s.) ayrıldı. Hakim analitik metod E.t.-nın ümumi xarakterini şәrtlәndirirdi: o yalnız xarici cәhәtdәn elmlәrin bir-birinә oxşadılması yolu ilә hәyata keçirilirdi. E.t.-nın yeni meydana gәlmiş subyektiv prinsipi insan intellektinin yaddaş (tarix), tәxәyyül (poeziya) vә ağıl (fәlsәfә) kimi keyfiyyәtlәrini nәzәrә alırdı. Bu, teologiya vә sxolastikanın “dünyәvi” biliklәrә “yeddi azad sәnәt” bölgüsünü tәtbiq etmәsi ilә müqayisәdә irәliyә doğru böyük addım idi. X. Uartenin irәli sürdüyü subyektiv prinsip bütün biliklәri tarixә, poeziyaya vә fәlsәfәyә bölәn F. Bekon tәrәfindәn inkişaf etdirilmişdi. Bekon tәlimini sistemlәşdirmiş T. Hobbs riyaziyyatın metodunu ümumi hesab edәrәk vә hәndәsәni deduktiv, fizikanı isә induktiv elmlәrin zirvәsinә qoyaraq subyektiv prinsipi obyektiv prinsiplә uzlaşdırmağa çalışırdı. Onda elmlәrin abstraktdan konkretә, predmetin kәmiyyәt müәyyәnliyindәn keyfiyyәt müәyyәnliyinә doğru yerlәşdirilmәsi prinsipi görünmәyә başlayırdı. R. Dekart E.t.-nın obyektiv prinsipini bilik predmetlәrinin әlamәtlәrinә uyğun olaraq inkişaf etdirmişdir. Elmlәrin mәntiqә, fizikaya vә etikaya (P. Qassendi), yaxud fizikaya, praktikaya vә mәntiqә (C. Lokk) klassik bölgüsü bәrpa edilirdi. 18 әsrdә obyektiv prinsipin inkişafı M.Y. Lomonsovun adı ilә bağlı idi. Fransa ensiklopedistlәri isә (D. Didro vә D’Alamber) әsasәn Bekonun prinsipini vә sxemini qәbul edirdilәr. Bütün bilik sahәlәrinin 3 әsas hissәyә (tәbiәt, cәmiyyәt vә tәfәkkür) bölünmәsi 18 әsrdәn etibarәn daha xırda bölgülәrlә әvәzlәnirdi.
Ü ç ü n c ü m ә r h ә l ә y ә keçid (19 әsrin ilk üç rübü) iki müxtәlif istiqamәti ehtiva edirdi. Ümumi koordinasiya prinsipinә әsaslanan birinci istiqamәt 19 әsrdә başlıca elmi inkişaf tendensiyası ilә ziddiyyәt tәşkil edirdi. Bu zaman E.t. probleminin әsasәn iki hәll yolu tәklif olunmuşdu.
A) Ümumidәn xüsusiyә (ümumiliyin azalması qaydasında) koordinasiya prinsipi әsasında formal hәll yolu. O, 19 әsrin әvvәllәrindә vә ortalarında Fransada inkişaf etmişdi. K.A. Sen-Simon daha sadә vә ümumi hallardan daha mürәkkәb vә xüsusiyә keçidә uyğun olaraq E.t.-nın obyektiv prinsipini irәli sürmüşdü. O. Kont Sen-Simonun sistemini götürәrәk, ideyalarını sistemlәşdirmiş, lakin onlara mübaliğәli sәciyyә vermişdi. Onun fәrqlәndirdiyi 6 әsas (nәzәri, abstrakt) elm – riyaziyyat, astronomiya, fizika, kimya, fiziologiya, sosiologiya (Yer cismlәrinin mexanikası riyaziyyata, psixologiya isә fiziologiyaya daxil edilirdi) bütün elmlәrin ensiklopedik sırasını, yaxud iyerarxiyasını tәşkil etmişdi. Tәbiәtә tarixi baxış Kontda yox idi vә yalnız insanın tәbiәti dәrkinә münasibәtdә meydana gәlirdi. Kont sisteminin әsasında koordinasiya prinsipi dururdu. Sosiologiya Kontda elmlәr cәrgәsindә müstәqil yer qazanırdı. Kont tәsnifatının әhәmiyyәti ondadır ki, birincisi, o hәqiqәtәn tәbiәtdә materiyanın әsas hәrәkәt formalarına vә ictimai hәrәkәt formasına (sosiologiya predmeti kimi) real cavab verәn başlıca elmlәri ayırmışdı; ikincisi, bu elmlәr öz aralarında xaricdәn olsa da, düzgün (bir-birinin ardınca inkişaf etmәsi ardıcıllığı ilә) әlaqәlәndirilmişdi. Ona görә dә Kont sistemi subordinasiya prinsipi әsasında tәsnifatın tәmәlini qoymuşdu.
B) Abstraktdan konkretә doğru (abstraktlığın azalması qaydasında) koordinasiya prinsipi әsasında problemin formal hәlli İngiltәrәdә 19 әsrin ortalarında vә 2-ci yarısında geniş yayılmışdı (C.T. Kolric, U. Uevell, İ. Bentam). C. Mill vә H. Spenser Kontu tәnqidә mәruz qoymaqla psixologiyanın elmlәr cәrgәsindәki yerini müdafiә edirdilәr. Spenser hәr elmin öz abstrakt vә konkret tәrәfinin olması haqqında Kont müddәasını rәdd edәrәk bildirirdi ki, bütün elmlәr abstrakt (mәntiq vә riyaziyyat), konkret (astronomiya, geologiya, biologiya, psixologiya vә sosiologiya) vә onlar arasında keçid tәşkil edәn abstrakt-konkret (mexanika, fizika vә kimya) elmlәrә ayrılırlar. Bu qruplar arasında sәrt hüdudlar olduğu halda, onların daxilindә tәdrici keçid mövcuddur. Spenser yalnız konkret elmlәr üçün tәkamül ideyasını irәli sürürdü; o, hәm dә E.t.-nın dünyanın dәrki tarixi ilә әlaqәsini rәdd edirdi.
Üçüncü mәrhәlәyә keçiddә i k i n c i i s t i q a m ә t tәbiәt hadisәlәrinin inkişafı vә ümumi әlaqәsi ideyası ilә bağlı olan subordinasiya prinsipinin tәtbiqi olmuşdur. Burada da iki müxtәlif hәll yolu var idi.
A) İ. Kant, F.V. Şellinq vә xüsusilә Q. Hegel tәrәfindәn ruhun (tәbiәtin deyil) inkişaf prinsipi kimi subordinasiya prinsipinin idealist әsasda işlәnib-hazırlanması. Hegel mәntiqә, tәbiәt fәlsәfәsinә vә ruh fәlsәfәsinә bölünәn fәlsәfi sistemә uyğun olaraq üçlü bölgünü irәli sürürdü; tәbiәt fәlsәfәsi özü dә mexanikaçılığa (mexanika, astronomiya), kimyaçılığa (fizika, kimya) vә orqanizmә (biologiya) bölünürdü. Bu sistem tәbiәtin әn aşağı pillәlәrindәn әn alisinә, düşünәn ruhun yaradılmasına qәdәr inkişaf ideyasını әks etdirirdi.
B) Subordinasiya prinsipinin inkişafına vә biliklәrin nәzәri sintezinә materialist әsasda yanaşma. Bu yanaşma özünü Rusiyada göstәrdi. 19 әsrin ortalarında elmlәrin sintezini hәyata keçirmәk üçün bir tәrәfdәn fәlsәfә ilә tәbiyyat elmlәri (A.İ. Gertsen), digәr tәrәfdәn isә tәbiyyat elmlәri ilә humanitar elmlәr arasındakı uçurumu (N.Q. Çernışevski) aradan qaldırmaq zәruri idi. Gertsen üçün tәbiәtin dәrkindәki tarixilik tәbiәt dәrkinin inkişafına baxışlardakı tarixiliklә üzvi şәkildә әlaqәli idi vә bu da elmlәrin sintezini hәyata keçirmәk üçün dәrin metodoloji әsaslar verirdi. Kont görüşlәrinin mәhdudluğunu tәnqid edәn Çernışevskidә dә eyni vәziyyәt idi.
19 әsrin sonlarında tәbiәtşünaslığın böhranı ilә әlaqәdar E.t. sistemlәrinin işlәnib hazırlanmasında idealist xәtt açıq şәkildә önә çıxır. E.t.-nın әsasında bir qayda olaraq ümumi koordinasiya prinsipi qorunub saxlanırdı. Fransada Kontdan A. Puankare, E. Qoblo, A. Navil vә b.-nın maxist sxemlәrinә (bax Maxizm) doğru tәkamül baş verirdi. Almaniyada tәsnifatın eklektik prinsiplәrini E. Dürinq, V. Vundt vә b., Çexiyada T.H. Masarik irәli sürürdülәr. E.t. tәbiәt haqqında elmlәr (burada hadisәlәr qanunauyğun hesab edilirdi) vә cәmiyyәt haqqında elmlәr – tarix (burada hadisәlәr tәsadüflәr xaosu hesab edilirdi) bölgüsündәn çıxış edәn neokantçılıq mövqelәrindәn dә işlәnib hazırlanırdı. G. Kohen vә qismәn E. Kassirer vә P. Natorp başlıca vәzifәni riyazi şәkildә qurulmuş anlayışların kömәyi ilә rәngarәnglik daxilindә vәhdәt yaratmaqda görürdülәr. Buna uyğun olaraq, riyaziyyat әsas elmә çevrilirdi. Maxistlәr vә energetistlәr (bax Energetizm) E.t.-nı ictimai hadisәlәrin özünәmәxsusluğunun inkarı üzәrindә qurur, onları yalnız mürәkkәblәşdirilmiş biopsixi (R. Avenarius, E. Max), yaxud energetik biofiziki (V. Ostvald) hadisәlәr hesab edirdilәr. E.t.-na formal yanaşma öz ifadәsini elmlәrin (müvafiq olaraq dünya hadisәlәrinin) ümumi әlaqәsinin hansısa bir tәrәfinin irәli sürülmәsindә vә onun әsas, müәyyәnlәşdirici kimi qәbul edilmәsindә tapırdı. Әşyaların vә hadisәlәrin mәkan әlaqәsini әsas olaraq qәbul edәn coğrafi cәrәyanı (Rusiyada E. Çijov, İ. Meçnikov, L. Berq; Almaniyada A. Getner, F. Ratsel) buna nümunә göstәrmәk mümkündür. Rusiyada uyğunlaşdırma prinsiplәrinin koordinasiyasına әsaslanan tәsnifatlar yayılmışdı. Fransada vә İsveçrәdә E.t. E. Meyersonun vә insan biliklәrinә adi, statik nöqteyi-nәzәrә qarşı epistemoloji genetik baxışı inkişaf etdirmәyә çalışan J. Piajenin әsәrlәrindә әks olunmuşdur.
20 әsrdә Qәrbdә neopozitivizmin geniş yayılması ilә әlaqәdar E.t. mәntiqi-pozitivist әsasda işlәnirdi (P. Oppengeym – Almaniya, F. Frank – Avstriya, Q. Berqman – ABŞ, A.C. Ayer – B. Britaniya). Xolistlәr (Y.K. Smets, A. Mayer-Abix) ruhani hәyatı E.t.-nın mәrkәzinә qoymağa çalışırdılar. İsveçrә spiritualisti A. Reymon E.t.-nın formal vә relyativist sxemini irәli sürürdü.
İkinci dünya müharibәsindәn sonra Qәrb ölkәlәrindә elmә vә o cümlәdәn E.t.-na yalnız neotomizmin deyil, hәm dә obyektiv idealizmin (mәs., N. Hartman) tәsiri әhәmiyyәtli dәrәcәdә artmışdı. Papa XII Piy hәqiqәtin üç silahı (elm, fәlsәfә, vәhy) haqqında yazırdı; üçüncü onların әn alisidir vә ilk ikisi ona uyğunlaşmalıdır. Neotomistlәr dә eyni mövqedә idilәr (mәs.,E. Jilson vә onun şagirdi, elmlәrin üçmәr- tәbәli piramidasını quran M. de Vulf: xüsusi elmlәr – aşağıda, ümumi elmlәr, yaxud fәlsәfә – ortada, teologiya – yuxarıda). E.t. problemi ilә sıx bağlı olan elmi biliklәrin strukturu sahәsindә mәntiqi vә riyazi-mәntiqi tәdqiqatlar (mәs., L. Bertalanfi) da xüsusi әhәmiyyәtә malik idilәr.
Hazırda tәdqiqat predmeti әsasında tәsnifat daha çox qәbul olunur: tәbiәt haqqında elmlәr (tәbiәtşünaslıq), cәmiyyәt haqqında elmlәr (sosial-humanitar biliklәr), süni yaradılmış obyektlәr haqqında elmlәr (texniki elmlәr), insan sağlamlığı haqqında elmlәr (tibb elmlәri), obyektiv dünyanın kәmiyyәt münasibәtlәri haqqında elmlәr (riyaziyyat elmlәri). Burada hәr bir sahә ayrı-ayrı fәnlәr üzrә konkretlәşdirilә bilir vә materiyanın hәrәkәt formaları üzrә tәsnifat mәqbul sayılır. Bundan әlavә, müasir elmdә tәsnifat üçün tәcrübәdәn uzaqlıq meyarı da tәtbiq edilir vә bütün elmlәr fundamental (mәqsәd – hәqiqәti dәrk etmәkdir) vә tәtbiqi (mәqsәd – tәcrübәdә tәtbiq etmәkdir) elmlәrә bölünürlәr.
Şәrqdә E.t.-nın ilk nümunәlәri Cabir ibn Hәyyan vә Kindidә izlәnilsә dә, dövrümüzәdәk gәlib çatan ilk sistematik tәsnifatı Farabi aparmışdır (“İhsa әl-ülum” әsәri). Cabir elmlәri dini vә dünyәvi olmaqla iki hissәyә ayırır, kimyanı onların hamısının mehvәri hesab edirdi (“Kitab әl-hüdud”). Kindinin E.t.-na dair әsәri dövrümüzә gәlib çatmasa da, digәr mәnbәlәrdәn onun “hәr şey haqqında elm” adlandırdığı fәlsәfәni vahid bilik kimi nәzәri (riyaziyyat, tәbiyyat, teologiya) vә praktik (etika, ev tәsәrrüfatı, siyasәt) olmaqla iki hissәyә bölmәsi mәlumdur. Hәmin dövrdә ümumi tәsnifatla yanaşı, konkret bilik sahәlәrinә dair tәsnifatlar da işlәnib hazırlanırdı (Әbu Bәkr Razinin kimya tәsnifi). Әn ardıcıl vә sistematik tәsnifatı isә Farabi irәli sürmüşdü. O, bir tәrәfdәn ümumi şәkildә nәzәri (riyazi, tәbii vә fövqәltәbii) vә praktik (әxlaq vә siyasәt) elmlәri fәrqlәndirir, digәr tәrәfdәn daha geniş tәsnifat irәli sürürdü: dil elmi, mәntiq elmi, tәlimlәr elmi (cәbr, hәndәsә, optika, astronomiya, mexanika), tәbii vә ilahi elmlәr (fizika vә metafizika) vә mәdәni elmlәr (әxlaq, siyasәt, fiqh, kәlam). Farabidәn sonra bir çox tәsnifatlar aparılsa da, onun tәsnifatı bütün dövrlәrdә әsas kimi qәbul edilmişdir. Şәrqdә E.t.-na dair yazılmış әsәrlәr çox vaxt “elmlәr ensiklopediyası” xarakteri daşıyır, dövrün tәhsil proqramını irәli sürürdü. “Mәfatih әl-ülum” (“Elmlәrin açarları”) әsәrindә ikipillәli tәsnifat (islam elmlәri, onlarla bağlı әrәb elmlәri vә yunanlar vә başqa xalqların elmlәri) irәli sürәn Mәhәmmәd Xarәzmi dövrün müxtәsәr elmi mәnzәrәsini yaratmış, bütün elmlәr vә onların ayrı-ayrı sahәlәrinә dair terminlәrin vә şәxsi adların qısa izahatı ilә birlikdә siyahısını vermişdi. “Saflıq qardaşları” (“İxvan әs-sәfa”) biliklәri idrak obyektlәrinin ibtidaidәn aliyә doğru yüksәlәn sırasına müvafiq olaraq (riyazi, tәbiәt vә metafizik) tәsnif edir, risalәlәrini dә buna uyğun şәkildә qruplaşdırırdılar (riyazi, tәbii cismani, әqli-psixoloji vә dini-ilahi). 10 әsrdә E.t.-nı, әsasәn, İbn Nәdim Bağdadi, İbn Fәriun, Әbu Hәyyan Tövhidi işlәyib hazırlayırdılar. Daha geniş tәsnifat İbn Sinaya mәxsus idi. E.t.-nda Farabi metodunu izlәyәn İbn Sina elmlәri aid olmaları baxımından varlıq mәrtәbәlәri üzrә sıralandırır, insan şüurundan asılı olmadan mövcud biliklәri (tәbiyyat, riyaziyyat vә ilahiyyat) nәzәri, insanın fәrdi vә sosial hәyatı ilә bağlı biliklәri isә (әxlaq, ev tәsәrrüfatı vә siyasәt) praktik adlandırırdı. Onun riyazi elmlәrә verdiyi tәsnifat R. Bekona tәsir göstәrmişdi. 12 әsrdә Әbu Hamid Qәzzali, İbn Rüşd, Fәxrәddin Razi, Şihabәddin Sührәvәrdi, Әli ibn Sәәd Qurәyşi vә b. E.t. ilә mәşğul olmuşlar. İbn Rüşd E.t.-na dair ayrıca әsәr yazmasa da, Qәzzalinin tәsnifatını tәnqid etmişdir. O, tәbiyyat elmlәrinin 8 növünü müәyyәnlәşdirmiş, Qәzzalidәn fәrqli olaraq astrologiya vә fizioqnomikanı bura daxil etmәmişdir. 13 әsrdә Nәsirәddin Tusi İbn Sinanın tәsnifatda elmlәrin tәdqiqat predmetinin әsas olması barәdә ideyasını inkişaf etdirir, elmlәrarası qarşılıqlı әlaqәlәrin müәyyәnlәşdirilmәsindә predmetlәrin mühümlüyünü vurğulayırdı. İbn Xәldun (14 әsr) “nәqli-tәtbiqi” (dilçilik, fiqh, kәlam, tәsәvvüf, hәdis vә s.) vә “tәfәkkürlә әldә olunan” (tәbiyyat, mәntiq, musiqi, cәbr, hәndәsә, ilahiyyat vә s.) elmlәri ayırır, 20-dәn çox elm sahәsi barәdә әtraflı mәlumat verirdi. 16–18 әsrlәrdә Daşköprülüzadә Әhmәd Әfәndi, Molla Sәdra, Hacı Xәlifә, Saçaqlızadә Mәhәmmәd, Mәhәmmәd Әli Tәhanәvi vә b.-nın tәsnifatları olmuşdur. Son mükәmmәl tәsnifatlardan biri 20 әsr türk alimi İzmirli İsmayıl Haqqıya mәxsusdur (“Tәsnif әl-ülum” әsәri).