ELÜAR (Eluard) Pol [(Ejen Emil Pol Qrendel), (14.12.1895, Sen-Deni, Sena dep-ti – 18.11.1952, Şaranton)] – fransız şairi. 1914 ildә orduya çağırılmışdır. Cәbhә xatirәlәri “Borc vә hәyәcan” (1917) toplusunda әks olunmuşdur. 1918 ildә “Sülh dövrü üçün şeirlәr” kitabı çapdan çıxmışdır. 1919 ildә dadaizmә qoşulmuş, 1924 ildәn A.Breton, L.Araqon vә b. ilә birgә sürrealistlәrә rәhbәrlik etmiş, 1938 ilә qәdәr hәmin cәrәyanda qalmışdır. Yaradıcılığına demokratik mәzmun hakimdir. E. 20 әsrin 20–30 illәr fәlsәfi lirikasında (“Kәdәr yağışı”, 1926; “Hәyatın özü”, 1932 vә s.) möcüzә yarada bilәn qadir insan haqqında utopik arzulara sığınan reallığı dәrk etmәyә çalışmışdır. 1936 ildә İspaniyadakı frankist qiyamına qarşı çıxmışdır. 1939 ildә sәfәrbәrliyә çağırılmış, işğal olunmuş Parisә qayıtdıqdan sonra vәtәnpәrvәrlik ruhlu şeirlәr yazmışdır (“Birinci açıq kitab, 1938–40”, 1940; “Aşağı yamaclarda”, 1942; “İkinci açıq kitab”, 1942 vә s.). Müharibәdәn sonra sülh uğrunda mübarizә hәrәkatına qoşulmuşdur. “İthaf” (1950), “Hәr şeyi demәyi bacarmaq” vә “Feniks” (hәr ikisi 1951) toplularında sevgi, qardaşlıq mövzuları әksini tapmışdır. 1953 ildә Beynәlxalq Sülh mükafatına layiq görülmüşdür.