ELÜVİUM (lat. eluo – yuyuram) – әmәlә gәldiklәri yerdә toplanan aşınma mәhsulları. E. aşınma qabıqlarını vә torpaqları yaradır. Ana süxurların xarakterindәn vә aşınmanın tipindәn asılı olaraq müxtәlif strukturlu (qaymadan gilәdәk) vә tәrkibli (kaolinlәr, dәmir filizlәri, manqan, alüminium, nikel vә s.) olur. Çöküntülәrdә laylılığın vә çeşidlәnmәnin olmaması ilә fәrqlәnir. Nadir hallarda ilkin süxurun teksturunu әks etdirәn relikt laylılıq müşahidә olunur.